Noyabrın 21-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçib. SİA-ya verilən məlumata görə, ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin dəvəti ilə "Azərbaycan dili və ədəbiyyatı" kafedrasının müəllimi və ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın Jurnalistika ixtisasının I kursunda təhsil alan tələbələrə tədris etdiyi "Jurnalist etikası" fənni üzrə dərsdə qonaq olan Səmayə Məmmədova tələbələr üçün mühazirə - açıq dərs keçib. Qonaq televiziyada jurnalistlərin etik normaları haqda tələbələrə məlumat verərək, şəxsi TV təcrübəsindən də danışıb. Uzun müddət "Space" televiziyasında səhər proqramları redaksiyasında çalışan və "Gün aydın" verilişinin aparıcısı olan Səmayə Məmmədova səhər efirində auditoriya ilə münasibətlərinin qurulmasında TV aparıcısının etik norma və prinsiplərinə toxunub, aparıcıların canlı yayım zamanı üzləşdiyi bəzi nüanslarda gözləməli olduqları peşə etikası prinsiplərini izah edib, tələbələrə "xəbər aparıcısı" və "səhər aparıcısı"nın riayət etməli olduğu qaydalardan söz açıb.
Təmsil etdiyi nazirliyin mətbuat xidmətinin işi haqda da danışan Səmayə Məmmədova jurnalistlərin müvafiq qurumun mətbuat xidmətləri ilə əlaqə yaradarkən peşə etikası kodeksini bilmələrinin, peşəkar, məlumatlı və analitik qabiliyyətə malik olmalarının əhəmiyyətini vurğulayıb. Tələbələrə intellektual olmağı, daim mütaliə etməyi və öz üzərində işləməyi tövsiyyə edən qonaq onlara öz təcrübəsindən misallar çəkib.
Sonra Səmayə Məmmədova tələbələrin suallarını cavablandırıb.
Dərsdən sonra "Azərbaycan dili və ədəbiyyatı" kafedrasının müəllimi və ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova Səmayə Məmmədovaya tələbələr adından öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB