Tədris 12 illik olacaq

Təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəbləri Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və Xəzər İnnovasiya Mərkəzinin prezidenti Elşən Musayev ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, qonaqları salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirən nazir bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını bildirib.

Misir Mərdanov Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin 12 illik olacağını və proqramı uğurla başa vuran şagirdlərə dünyanın bütün qabaqcıl ali məktəbləri tərəfindən tanınan sertifikatın veriləcəyini nəzərə çatdırıb. Artıq Bakıdakı 6 nömrəli məktəb-liseyin bir ibtidai sinifində bu proqramın tətbiq olunduğunu söyləyən nazir ilk addımın maraqla qarşılandığını vurğulayıb.

Daha sonra çıxış edən İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəbləri Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və Xəzər İnnovasiya Mərkəzinin prezidenti Elşən Musayev Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verib, layihənin icra mexanizmləri barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın orta məktəblərində tətbiq olunan kurikulumların Beynəlxalq Bakalavriat Proqramının tələblərinə uyğun olması layihənin reallaşdırılmasını daha da asanlaşdırır.

Sonda Beynəlxalq Bakalavriat Proqramının tətbiqi ilə bağlı mətbuat nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə