Dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib

Dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib

Təhsil Nazirliyində 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər dərsliklərin hazırlığı istiqamətində əldə olunmuş yeniliklər və müsbət irəliləyişlərdən söz açıb. Müvafiq sahədəki müəyyən problemlərə toxunan nazir bu işdə istər nəşriyyat-poliqrafiya müəssisələri və onların seçdiyi müəlliflər, istərsə də Dərslikləri Qiymətləndirmə Şurası və onun ekspertlərinin məsuliyyət daşıdığını qeyd edib.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin məsuliyyətinin artırılmasından danışan Misir Mərdanov ekspertlərin seçimi, onların işinin səmərəli təşkili, dərsliklərin vaxtında çap olunub yerlərə çatdırılmasının diqqətdə saxlanılmasının zəruriliyini bildirib. Nazir əlavə edib ki, nəşriyyat-poliqrafiya müəssisələri dərsliklərin keyfiyyətini artırmalı, tərtibatı yaxşılaşdırmalı, redaktə və korrektə işini gücləndirməli, ekspertlərin işinə mane olmamalı, Dərslikləri Qiymətləndirmə Şurasının qərarlarına hörmətlə yanaşmalıdırlar. Nazir, həmçinin Dərslikləri Qiymətləndirmə Şurasının fəaliyyətinin səmərəli təşkilinin, şuranın hər bir üzvünün çıxarılan qərarlarda öz məsuliyyətini dərk etməsinin, onların qiymətləndirmədə yaxından iştirak edərək ekspertlərə elmi və praktik kömək göstərməsinin vacibliyinə toxunub.

Misir Mərdanov qeyd edib ki, Dərslikləri Qiymətləndirmə Şurası ekspertlərinin tərkibində dəyişikliklər aparılmalı, yeni üzvlər qəbul edilməli və onlar müəyyən kurslardan keçirilməlidirlər. Nazir bununla əlaqədar tapşırıq və tövsiyələrini də verib.Təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanıb çap olunması ilə bağlı 13 nəşriyyat-poliqrafiya müəssisəsinin Tender komissiyasına müraciət etdiyini deyib. Nazir "Dərsliklərin qiymətləndirilməsi meyarları"na yenidən baxıldığını, müvafiq təkliflər nəzərə alınaraq təkmilləşdirildiyini və Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq edildiyini bildirib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, millət vəkilləri Musa Qasımlı və Nizami Cəfərov, şuranın digər üzvləri Sabir Mirzəyev, Mirzəli Murğuzov, Ceyran Bayramova, Validə Məmmədova, eləcə də "Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov, "Altun-kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə