Dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib
2011-2012-ci tədris ilinə II, IV və VII-XI siniflər üçün dövlət vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çap olunaraq müvafiq bölgü əsasında yerlərə çatdırılması nəzərdə tutulub. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün yeniləşdirilmiş proqramlar əsasında işlənən 38, II və VII-XI siniflər üçün mövcud proqramlar əsasında hazırlanan 24 adda dərslik daxildir. Bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilib.
Onu da qeyd edək ki, IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus dili", VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Azərbaycan Respublikasının iqtisadi sosial coğrafiyası", "Zoologiya", "Rus dili", "Fransız dili", IX siniflər üçün "Yeni tarix", "Rəsmxət", "İnsan (Biologiya)", "Rus dili", "Fransız dili", X siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı" və "Rus dili" dərslikləri yenidən nəşr olunub.
Hazırda dərslik və müəllim üçün metodik vəsaitlərin 70 faizindən çoxu çap olunaraq təhvil verilib və bu proses uğurla davam etdirilir. Eyni zamanda dərsliklərin yerlərə çatdırılması işinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB