Artan əhalini təmin etmək üçün kifayət qədər qida varmı? - ARAŞDIRMA
Dünyada insanların sayı hər il təxminən 70-80 milyon nəfər artır. Əvvəllər heç vaxt planetdə eyni vaxtda bu qədər çox insan yaşamamışdı. Kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə nəzər salsaq, hər bir insan istehlakı artırmağa meyillidir və buna uyğun olaraq mütləq istehlakla eyni vaxtda əhalinin artımı hesabına nisbi istehlak da artır.
Təxminən 1 milyard insanın artıq aclıqdan əziyyət çəkdiyini nəzərə alsaq, artan əhalinin artan qida ehtiyacını ödəmək üçün kifayət qədər qida varmı?
21-ci əsrdə ərzaq dünyası üçlü problemlə üz-üzədir: artan əhalinin qidaya artan tələbatını ödəmək; bunu ekoloji cəhətdən davamlı şəkildə həyata keçirmək; aclıq probleminin öhdəsindən gəlmək.
Mütəxəssislər qeyd edir ki, yaxın 50 ildə dünya qlobal səviyyədə aşağıdakı məhdudiyyətlərlə üzləşəcək.
1. Mövcud yeni torpaqların olmaması.
2. Ənənəvi əkinçilik ərazilərində iqlim şəraitinin dəyişməsi. Temperatur və yağıntıların dəyişməsi.
3. Torpağın deqradasiyası.
4. Şirin suyun regional çatışmazlığının artması.
5. Gübrə həcminin artması ilə belə məhsuldarlığın artım tempinin azalması.
6. Qalıq yanacaqlardan (logistika, xammal) asılılığın artması.
7. Yeni balıq ehtiyatlarının olmaması və s.
Keçmişdə ərzaq qıtlığı ilə mübarizənin əsas yolları yeni torpaqların kənd təsərrüfatının mənimsənilməsi və qida ehtiyatlarının istifadəsi idi.
Lakin son beş onillikdə taxıl istehsalı iki dəfədən çox artdığı halda, bütün dünyada əkinçilik üçün ayrılmış torpaqların həcmi cəmi bir neçə faiz artmışdır.
1990-cı illərin ikinci yarısında baş verən qlobal geosiyasi dəyişikliklər istehsal və iqtisadi əlaqələrin pozulmasına, aqrar-sənaye kompleksinin kütləvi şəkildə tənəzzülünə səbəb olmuşdur.
1999-cu ildən başlayaraq kənd təsərrüfatında istehsalın həcminin artırılması nəzərdə tutulur. Lakin hələ də 1990-1995-ci illərin səviyyəsinə çata bilməyiblər. Aqrar-sənaye kompleksinin yavaş inkişaf tempinin inflyasiyanın artması, dövlətin səmərəsiz maliyyələşdirmə sistemi, kredit resurslarının qiymətinin artması bu inkişafın ləngiməsinə təsir göstərən əsas amillərdəndir.
Aqrar sənayesinə ən çox ziyan dəyən ölkələrdən biri də son zamanlarda amansız hücumlara məruz qalan Ukrayna dövlətidir.
Rusiya Federasiyasının tammiqyaslı hərbi işğalından sonra Ukraynanın kənd təsərrüfatı sahəsinə 4,3 milyard dollar ziyan dəyib. Ən çox kənd təsərrüfatı torpaqları zərər çəkib.
Son onilliklərdə əvvəllər məhsuldar olan müəyyən kənd təsərrüfatı sahələri urbanizasiya və digər insan fəaliyyəti nəticəsində, habelə səhralaşma, şoranlaşma, torpaq eroziyası və torpaqlardan qeyri-dayanıq istifadə itirilib. Keyfiyyətli kənd təsərrüfatı torpaqlarında birinci nəsil bioyanacaqların istehsalı da ərzaq istehsalına rəqabət təzyiqi yaradır. Şirin su qıtlığı artıq Çin və Hindistanda ciddi problemlər yaradır.
Müvafiq olaraq, 21-ci əsrdə qlobal səviyyədə, eyni miqdarda torpaqda daha çox ərzaq istehsal edilməlidir. Ən son araşdırmalar göstərir ki, 2050-ci ilə qədər dünyanın 70-100% daha çox qidaya ehtiyacı olacaq.
Bəşəriyyətin yaxın onilliklərdə bu problemləri fəal şəkildə həll edəcəyi göz qabağındadır. Fərqli ölkələr fərqli çətinliklərlə üzləşəcəklər.
Hər bir region öz problemlərini müəyyən edə bilər, lakin uzunmüddətli perspektivdə kənd təsərrüfatını vahid qlobal sənaye kimi nəzərdən keçirsək, məhdudiyyətlər və tendensiyalar böyük rol oynayacaq.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Ölkəmiz də qida ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq müvafiq işlər görür və bu çərçivədə Dövlət Taxıl Fondu yaradılıb. Bu sahədə həmçinin müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi vəzifələrin yerinə yetirilməsində ciddi uğurlara imza atılıb.
Həyata keçirilən bu uğurlu siyasət həm də son bir neçə il ərzində Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider statusunu daşımasında mühüm rol oynayıb. Həmçinin, iqtisadi sferada həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət dünyanı lərzəyə salan qlobal maliyyə böhranının ölkəmizə təsirinin minimum həddə qalmasını təmin edib. Bu səbəbdəndir ki, böhran şəraitində dünya iqtisadiyyatının gerilədiyi bir vaxtda qeyd olunan sahə üzrə ölkəmizdə yenə də dinamik inkişaf mövcuddur.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB