"Azərbaycanın dünya sferasında öz dəsti-xətti var" - DEPUTAT ŞƏRH ETDİ

"Birləşmiş Millətlər Təşkilatının Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir Ümumdünya Şəhər Forumu keçirilir. Bu gün də Ağdamda ilk Milli Şəhərsalma Forumu keçirilir. Hazırda Prezident İlham Əliyev də bu forumda iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Ağdamda ilk Milli Şəhərsalma Forumunun keçirilməsi ilk növbədə o deməkdir ki, Azərbaycan dünya mədəniyyətinə və dünya iqtisadiyyatına inteqrasiya olunur: "İkincisi bir məqam isə bildiyimiz kimi bu proqram Birləşmiş Millətlər Təşkilatına məxsusdur. BMT artıq Azərbaycanı dəstəkləyir və Azərbaycana köməklik göstərir. Bu baxımdan düşünürəm ki, bu forum gələcəkdə öz milli maraqlarımızı həyata keçirmək üçün böyük bir təkan olacaq. Ümumiyyətlə Azərbaycanın dünya sferasında xüsusi yeri və öz dəsti-xətti var. Ağdamda ilk Milli Şəhərsalma Forumu keçirilməsi də bunun bariz nümunəsidir".

Xatırladaq ki, oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə