"Uğurlu neft strategiyası bu gün ölkəmizin inkişafında mühüm rol oynayır" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi. Respublikamızın bugünkü yüksək sosial tərəqqiyə çatmasında məhz “Əsrin müqaviləsi”nin mühüm rolu vardır. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra neftin dünya bazarlarına nəqli məsələsi aktuallaşdı: "Ulu Öndər Heydər Əliyevin davamlı səyləri nəticəsində Şərq-Qərb marşrutu olan Bakı-Tbilisi-Ceyhanın çəkilişin dair Saziş imzalandı və 2002-ci ildə kəmərin təməli qoyuldu. Xüsusi qlobal əhəmiyyət kəsb edən bu kəmər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm amil oldu. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. 2007-ci ildə isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu”.
A.Hüseynov deyib ki, Azərbaycan zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olub: "Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi. “2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib. Bunun nəticəsində, son 28 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 220 dəfə, adambaşına düşən məhsul 170 dəfə artıb. Ökə iqtisadiyyatına 280 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib".
Aydın Hüseynov qeyd edib ki, “Əsrin müqaviləsi” Avropanın enerji təhlükəsizliyini təmin edən neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaradıb: "TANAP, TAP kəmərlərinin reallaşması da məhz bu sazişin təməllərindən qaynaqlanan milli enerji siyasətinə əsaslanır. Eyni zamanda, uğurlu neft strategiyası bu gün ölkəmizin inkişafında mühüm rol oynayan qeyri-neft iqtisadiyyatının, ölkənin elmi-mədəni, intellektual potensialı və insan kapitalının yüksəlişinə güclü zəmin yaratmaqdadır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB