Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə tədbirlər, üzv dövlətlər arasında daşıma prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, avqustun 12-də Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin aidiyyəti qurumlarının nazir müavinləri səviyyəsində TDT-nin Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib.

Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Eyni zamanda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş” layihəsi, üzv dövlətlər arasında uçuşların sayının artırılması və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı iclasına hazırlıqla bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, “Orta Dəhliz” kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanır və yeni İpək Yolunun bir hissəsidir. O, orta əsrlərdə Asiyanı Aralıq dənizi və Avropa dünyası ilə birləşdirən qədim İpək Yolu kimi fəaliyyət göstərir.

2021-ci ildə TITR vasitəsilə daşımalar 586,2 minton, konteyner daşımaları isə 25 270 TEU təşkil edib. Bu ilin sonunadək həmin marşrutla yük daşımalarının altı dəfə artacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə