Rusiya, yoxsa Qərb iqtisadiyyatı çökür? -İQTİSADÇI SƏRT REAKSİYA VERDİ

Rusiya Ukrayna müharibəsi yeni başlayanda bütün dünya Rusiyanın iqtisadiyyatının çökəcəyindən əmin idi. Bütün ekspertlər Rusiyanın iqtisadiyyatına böyük zərər dəyəcəyinə inanırdı. Lakin vəziyyət onu göstərir ki, Rusiya iqtisadiyyatı ilə yanaşı, Avropa da bəzi böhranlara düçar oldu. Avropa taxıl böhranı yaşayır, qazla və petrolla bağlı ciddi problemlər var. Rusiyaya sanksiya edən firmalar bəziləri zərər etdiyini bəyan edib. Savaş isə Ukrayna torpaqlarında yaşandığı üçün iqtisadi cəhətdən çətinlik çəkir. Rusiyaya edilən sanksiyaların həddi hesabı yoxdur.

Mövzu ilə əlaqədar SİA-ya fikirlərini bölüşən iqtisadçı Eldəniz Əmirov dünyadakı iqtisadi vəziyyəti belə təsvir edib: "Müharibə başlayanda Rusiya iqtisadiyyatının dərhal çökəcəyini yalnız qeyri-peşəkarlar deyə bilərdi. O cümlədən, Amerika və Avropanın beyin mərkəzləri proseslərin bu cür gedəcəyini bilirdilər. Yanlış fikirdir ki, Rusiyanın iqtisadiyyatı çökmür. Bu, Rusiyanın kartını oynayan və Rusiyanın əks təbliğatını aparanların fikridir. Birmənalı olaraq bu fikirlərlə razılaşmıram. Qeyd etmək istərdim ki, sanksiyalar ölkəyə birbaşa bir-iki ay müddətində təsir göstərmir. Artıq Rusiya iqtisadiyyatı zəifləyir. Dolların rubl qarşısında bir müddət uçuzlaşması bu bazarın və təbii iqtisadiyyatın işi deyil. Dövlət milli valyutanın məzənnə stabilliyinə nail olmağa çalışır ki, iqtisadiyyatı ayaqda saxlasın. Rusiya rublu iqtisadiyyatın öz axarına buraxdıqda rubl çox ucuzlaşmışdı. Böyük məbləğlər hesabına inzibati yollarla rublun məzənnəsi stabil saxlanmağa çalışılır. Sanksiyaların təsiri isə çox ciddi şəkildə görülməkdədir. Bu ciddiyyət o qədər böyükdür ki, Rusiya artıq makroiqtisadiyyat göstəriciləri elan etmir. Hətta bəzi makroiqtisadiyyat göstəricilərinin deyilməsi qadağan olunub. Rusiya satdığı neftin göstəricilərini açıqlanmır. Sanksiyalar və müharibə bütün dünyaya təsir edir. İkinci dünya müharibəsində belə sanksiyalar bu səviyyədə güclü deyildi. Amma bütün hallarda müharibə iqtisadiyyatı zəiflədir və ya təsir edir. Avropanın enerji təchizatının 30-40 faizini ödəyən Rusiyanın sanksiyaya məruz qalmasını özünü ciddi şəkildə göstərəcək. Avropa dünən elan etdi ki, Rusiya daş kömürdən imtina edir. Qazdan və neftdən asılılıq azalıb. Növbəti illərdə buna da son qoyulması planlaşdırılır. Yəni strategiya konkret olaraq bəllidir. Avropanın beyin mərkəzləri Rusiyaya qoyduqları sanksiyaların onlara təsir edəcəyini bilir. Belə ifadə edim ki, hər birimiz yolda piyadanı vuran avtomobil görürük, bu zaman maşının üst hissəsində əzilmə meydana gəlir. Rusiyanın sanksiyalara təsirini də bu hadisə ilə ifadə etmək olar. Bir növ avtomobilə dəyən zərərlə adama dəyən zərərin fərqinə bənzəyir. Sanksiyaların yalnız Qərbə təsir etməsi ilə bağlı fikirlər səhvdir. Məqsədli şəkildə olan bu fikirlər təbliğat xarakterlidir. Lakin düşünmədən sanksiyaların Rusiyadan çox Qərbə zərbə vurduğunu bildirən iqtisadçıların iqtisadi biliyinə şübhə ilə yanaşıram".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə