Özbəkistan qaz ixracından tamamilə imtina edə bilər

Özbəkistan 2025-2026-cı illərdə qaz ixracından tamamilə imtina edə bilər. SİA xəbər verir ki, bu barədə jurnalistlərə “Uztransqaz” ASC şirkətinin İdarə Heyətinin sədri Behzot Narmatov məlumat verib.

"Ola bilsin ki, yaxın gələcəkdə Özbəkistanda hasil edilən qazın hamısı Özbəkistanda qalsın, çünki kimya zavodları genişlənir, daxili iqtisadiyyatı dəstəkləmək lazımdır. Bəli, ixrac var idi, amma bizdə hələ də lazım olan iqtisadi dinamika yoxdur. Biz iş yerləri yaratmalıyıq. Xaricə xammal ixrac etmək və ya emal edib əlavə dəyər zəncirini yaratmaq iqtisadiyyat üçün sərfəli ola bilər? ” - deyən Narmatov ixracın dayandırılmasının 2025-2026-cı illərdə baş verə biləcəyini vurğulayıb.

Hazırda Özbəkistanda hasil edilən qazın təxminən 10 %-i Çinə ixrac edilir. Narmatovun sözlərinə görə, bu rəqəm Özbəkistanın daxili ehtiyaclarından asılı olaraq aydan aya dəyişir - onlar prioritetdir. Bir qayda olaraq, ixrac olunan qazın həcmi qışda azalır, yayda isə artır.

"Özbəkistan ərazisində fəaliyyət göstərən şirkətlər var ki, onların qarşısında müəyyən öhdəliklərimiz var. Yəni Çin və Rusiya şirkətlərinin layihələrinin iqtisadiyyatını dəstəkləmək üçün, biz onların qazının ixracını (ixrac qazının qiymətləri bir necə dəfə daxili bazardakı qiyməti üstələyir) təmin edirik. Yəni biz bütün bunları daxili bazara göndərə bilərdik, lakin biz əldə etdiyimiz razılaşmalara sadiqik”, - deyə “Uztransqaz” rəhbəri bildirib.

Qeyd edək ki, “Uztransqaz” 1992-ci ildə yaranıb. Özbəkistanın ən böyük şirkətlərindən biri hesab olunur. İldə təxminən 60 milyard kubmetr qaz hasil edilir. Bunun 10 %-dən az hissəsi təxminən 5 milyard kubmetri ixrac olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə