Azərbaycanda bərpa olunan enerji mənbələri

Azərbaycanda bərpa olunan enerji mənbələri

Neft-qaz kimi enerji resursları ilə zəngin olmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub.

Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən - təbii qaz, su, günəş və küləkdən istehsal edir.

Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur.

Ölkəmizdə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Qaradağ günəş elektrik stansiyası da bu baxımdan böyük əhəmiyyətə malikdir. Alternativ və tükənməyən enerji istehsalında Günəş elektrik stansiyaları mühüm rol oynayır. Azərbaycan bu istiqamətdə daha bir böyük uğura imza atıb. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bu istiqamətdə qarşıya qoyulan hədəflərin icrasında önəmli paya malikdir.

Xəyalə Eminova

Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə