Azərbaycanda antiinflyasiya tədbirləri necə aparılır? - ŞƏRH EDİLDİ

“2021-ci ilin yekunları göstərib ki, qlobal iqtisadiyyat üçün ən ciddi problemlərdən biri istehlak bazarında qiymət artımlarıdır. Dünya bazarında qiymətlərin artması Azərbaycan istehlak bazarına öz təsirini göstərib. Biz xüsusilə idxal edilən məhsulların qiymətində artımları müşahidə etdik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu təbii ki, yerli istehsal edilən məhsullara da təsir etdi: “Bu baxımdan antiinflyasiya tədbirləri 2022-ci il və daha sonrakı illərdə əsas prioritetlər sırasındadır. Nazirlər Kabineti tərəfindən də bununla bağlı xüsusi tədbirlər proqramı təsdiq olunub”.

Deputat sözlərinə belə davam edib: “Yerli istehsalla məşğul olan sahibkarlara dövlət dəstəyinin genişləndirilməsi, o cümlədən, aqrar sektorda subsidiya mexanizminə baxılması və subsidiya məbləğlərinin artırılmasına ehtiyac var. Subsidiya üçün baza məbləğ bir neçə ildir ki, 200 manatdır. Subsidiyaların fermerlərin xərclərinin müəyyən səviyyədə ödəməsi üçün həmin məbləğin baxılıb artırılmasına ehtiyac var.

Eyni zamanda, bölgələrdə istehsal edilən məhsulların fermerlər tərəfindən paytaxt bazarlarına çıxışının təmin edilməsi, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları və uyğun dövlət qurumu tərəfindən xərclərin bir hissəsinin qarşılanması məqsədəuyğun olardı. Mütəmadi kənd təsərrüfatı yarmarkalarının keçirilməsi və həmin yarmarkalarda fermerlərin öz məhsullarını satmasının təşkil edilməsinə ehtiyac var. Belə yarmarkalar yəni, fermer bazarları hətta Amerika Birləşmiş Ştatlarında belə təşkil olunur. Ona görə də oxşar praktikaların daha geniş şəkildə Azərbaycanda da tətbiqi məqsədəuyğundur.

Bütövlükdə, Azərbaycan Baş Nazirin imzaladığı son sənəd göstərir ki, inflyasiyaya qarşı mübarizə sistemlidir və antiinflyasiya tədbirləri növbəti dövrdə qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə