Ölkəmiz Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına malikdir - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"İlk olaraq qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitenin Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı ekspert Aslan Əzimzadə bildirib.

Onun sözlərinə görə, ölkəmiz Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına malikdir: "Bu gün Azərbaycanın iqtisadi və sənaye potensialı artmaqdadır və qeyd etməliyik ki, Azərbaycanın yerləşdiyi strateji bölgə Avropa və Asiya qitələrinin mərkəzində yerləşir. Buna görə də Azərbaycan tranzit ölkə kimi iqtisadi dividentlər qazanmaqdadır. Biz bilirik ki, bu gün Azərbaycanın möhtəşəm zəfərindən sonra Qarabağda yenidənqurma, bərpa işləri aparılır. Bu yenidənqurma, bərpa işləri çərçivəsində ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi ölkə iqtisadiyyatına və ölkə sənayesinə öz müsbət təsirini göstərəcəkdir. Azərbaycanda pul kütləsinin inkişafına potensial vardır və bu potensial ölkədə iqtisadiyyatın maliyyə sahəsində daha dayanıqlı inkişafını təmin edir. Digər tərəfdən qeyd etmək lazımdır ki, birbaşa xarici invenstisiyalarla ölkəmizə transfer olan texnologiyalar bütün istiqamətlər üzrə, o cümlədən sənaye, kənd təsərrüfatı üzrə daha yüksək məhsuldar fəaliyyəti təmin edəcəkdir ki, bütün bu faktorlar ölkəmizin iqtisadiyyatının dayanıqlılığını səciyyələndirəcək istiqamətlərdəndir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə