Taxıl və buğda strateji əhəmiyyət daşıyır - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Taxıl və buğda strateji əhəmiyyət daşıyır - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənir. Nəzərə alsaq ki, 2021-ci ilin 11 ayında Azərbaycan bir milyondan artıq buğda idxal edib və bu idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 11 ayında isə 1,2 milyon ton buğda idxal olunmuşdu, amma 1,2 milyon tonluq buğdaya 262 milyon dollar vəsait ödənilmişdir: "Əslində rəqəmlərin müqayisəsi onu göstərir ki, idxal qiymətlərində artım var. Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxardır. Amma biz qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təqdim edirik. Əvvəla taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı. Xüsusən nəzərə alsaq ki, taxıl və buğda strateji əhəmiyyət daşıyır. Buğda istehsal edən fermerlər baxmayaraq ki, strateji məhsul olaraq daha çox subsidiya alırlar. Amma daha çox subsidiya məbləğinə baxılması və istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur".

Vüqar Bayramov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, xüsusən də keyfiyyət növündən asılı olaraq daha çox buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər: "Nəticə etibarilə bu da imkan verər ki, həm istehsalın genişləndirilməsinə nail olmaq mümkün olsun, həm də daxili istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınması və qiymətlərin optimallaşdırılması mümkün olsun. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin taxıl istehsalı baxımından böyük potensialı var. Bu baxımdan həmin ərazilərimiz də taxıl istehsalının intensiv şəkildə təşkil olunması və həmin ərazilərimiz yenidən taxıl istehsal edən rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundur. Bu istiqamətdə də işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var. Nəzərə alsaq, iki hər bir ailənin gündəlik istehlak etdiyi məhsul məhz çörəkdir. Ona görə də yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığının minimumlaşdırılmasına ehtiyac var ki, bununla da qiymət artımlarının qarşısını alaraq ümumiyyətlə daha optimal şəkildə taxılın və unun təklif edilməsinə nail olunması mümkün olsun".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə