Azərbaycanda təbii qaz üzrə tariflər necə dəyişib?

Tarif (qiymət) Şurasının bu günkü iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair müvafiq qərarlar qəbul edilib. SİA xəbər verir ki, qərara əsasən əhalinin illik istehlakının 1 200 kub metrədək olan hissəsi (1200 kub metr daxil) üçün tariflər 1 kub metr üçün 2 qəpik artırılaraq 12 qəpik müəyyən edilir.

Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır. Beləliklə, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1 000 kubmetr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılır.

"Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır. Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1 000 kubmetrüçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır.

"Azərkontrakt" ASC tərəfindən "Azərenerji" ASC-yə enerji istehsalı üçün satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır. Hasilatçıdan ("Azneft" İB) alınan qazın tarifi 7,5 qəpikdən 9 qəpiyə artırılır.

Bundan başqa, "Azərkontrakt" ASC tərəfindən "Azəriqaz" İB və "Naxçıvanqaz" İB-yə satılan qazın tarifi 11 qəpikdən 11,8 artırılır.

İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə