Zəngəzur dəhlizi hansı şərtlər daxilində istifadəyə verilə bilər? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Zəngəzur dəhlizi hansı şərtlər daxilində istifadəyə verilə bilər? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Zəngəzur dəhlizi həm Azərbaycan üçün, həm də region üçün vacib layihələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar davam edir: "Eyni zamanda bu istiqamətdə Azərbaycan tərəfində infrastrukturun formalaşdırılması həyata keçirilir. Təbii ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi prioritet məsələlərdəndir. 10 noyabr bəyanatında da kommunikasiyaların paralel bərpası nəzərdə tutulub. Bu baxımdan Zəngəzur dəhlizinin açılması və istifadəyə verilməsi ilə bağlı bəzi şərtlər var. Bu 10 noyabr bəyanatında öz əksini tapıb. Eyni zamanda Zəngəzur dəhlizinin açılması həm də regionda davamlı sülhün və eləcə də əməkdaşlığın formalaşması baxımından zəmin yarada bilər. Çünki Azərbaycan Türkiyənin təklif etdiyi 3+3 əməkdaşlıq platformasını dəstəkləyir. Bu da xüsusən də regional əməkdaşlığın gücləndirilməsi baxımından vacib hesab olunur".

Vüqar Bayramov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlı ölkədir: "Bu təkcə Azərbaycanın deyil, eyni zamanda regionun da maraqları baxımından vacib bir layihədir. Təbii ki, Ermənistanda hələ də revanşist qüvvələr özünü göstərir. Kommunikasiyaların paralel bərpası eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə Ermənistanda müşahidə edilən iqtisadi tənəzzülün səngiməsi baxımından da Ermənistan üçün vacib məsələlərdəndir. Təəssüf ki, reallıq bundan ibarətdir ki, Ermənistanda hələ də revanşist meyllər daha öndədir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması proritet məsələ olmaqla yanaşı, təbii ki, bir zaman məsələsidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə