SOCAR-da hansı islahatlar baş verəcək? - KOMİTƏ ÜZVÜ AÇIQLADI
“Dövlət Neft Şirkəti (SOCAR) ölkəmizin ən nüfuzlu və böyük struktura malik təsərrüfat subyektidir və Azərbaycanın neft ölkəsi kimi şöhrət tapmasında, dünyada ölkəmizin tanınmasında və milli iqtisadiyyatımızın inkişafında mühüm əhəmiyyətli töfhələr verməkdədir. Neft Şirkətinin fəaliyyət coğrafiyası təkcə Xəzər hövzəsi ilə məhdudlaşmır, dünyanın bir çox ölkələrinin enerji-yanacaq bazarlarını əhatə edir, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının istehsalı və emalı ilə yanaşı, qlobal neft layihələrində, regional ixrac dəhlizlərində iştirak edir, müxtəlif ölkələrin iri yanacaq və neft emalı komplekslərinin müəllifidir. SOCAR dünyada investisiya bazarında xüsusi rolu olan, müxtəlif ölkələrdə iri sərmayə layihələri həyata keçirən nüfuzlu milli brend kimi tanınır, beynəlxalq enerji şirkətləri sırasında özünə layiqli yerini tutaraq ölkəmizin tranzit potensialının gücləndirilməsində və davamlı böyükhəcmli valyuta gəlirlərinin daxil olmasında, dövlət büdcəsinə vergilərin ödənilməsində üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirir”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, SOCAR 100% iştirak payına malik dövlət şirkəti olduğundan dövlət dəstəyi ilə əhatə edilir: "Transmilli və beynəlxalq layihələrin həyata keçirilməsində, iri neft kompleksləri və müəssisələrinin yaradılmasında dövlət tərəfindən müxtəlif maliyyə və digər dəstək tədbirləri özünün mühüm səmərəsini verir. Eyni zamanda, SOCAR dövlət şirkəti və ölkənin ən böyük işəgötürənlərdən biri olduğuna görə burada insan resursları sahəsində aparılan islahatlar xüsusi yer tutur, davamlı olaraq insan kapitalının inkişaf etdirilməsi və insan resurslarının idarəolunması sahəsində qabaqacıl beynəlxalq təcrübə öyrənilərək tətbiq edilir".
Aydın Hüseynov SOCAR-da aparılan islahatları şərh edərkən qeyd edib ki, Azərbaycan hazırda iqtisadi transformasiya mərhələsinə qədəm qoyub, yeni növ islahatlara başlanılıb: "Yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşımızda duran əsas çağırışlardandır. Həyata keçirilən idarəetmə və institisional struktur islahatlarının tərkib hissəsi kimi dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin və faydalı iş əmsallarının artırlması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə SOCAR-da Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasının yaradılmasını şirkətin korporativ idarəçiliyə keçidi üçün mühüm addım kimi qiymətləndirmək olar. Şuranın və SOCAR-ın birgə səmərəli əməkdaşlıq fəaliyyəti müstəvisində Dövlət Neft Şirkətinin idarəetmə strukturlarında təkmilləşdirmələrə və uğurlu korporativ idarəetmənin tətbiqinə başlanılıb, çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə standartlarının həyata keçirilməsi istiqamətində tədbirlər görülməkdədir. Bu islahatların mühüm tərkib hissəsi kimi Cənab Prezidentin müvafiq fərmanı ilə Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilib, SOCAR-ın İdarə Heyətində dəyişikliklər edilib, yeni vitse-prezidentlər təyin edilib. SOCAR-da kadr dəyişikliklərinin aparılması və yeni Vitse-prezidentlərin təyin edilməsi aparılan ümumi islahatlar siyasətinin tərkib hissəsidir və müasir dünyagörüşə malik olan gənc, eyni zamanda, beynlxalq qabaqcıl təcrübəni dərindən mənimsəmiş şəxslərə böyük etimadın nümunəsi kimi dəyərləndirilə bilər”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB