Tələbə krediti kimlərə verilməlidir? - İQTİSADÇI RƏYİ

Dövlətin təhsil siyasətində olan əsas prinsiplərdən biri təhsilin liberallaşdırılması, onun əl çatanlığının təmin edilməsidir. Prezident İlham Əliyevin Təhsil Tələbə Kredit Fondunun yaradilmasi haqqında olan fərmanı bu pronsiplərin həyata keçirilməsi istiqamətində ciddi bir addımdır. Bu Fərmanın özündə onun icrası ilə bağlı bir sıra dövlət qurumlarına tapşırıqlar öz əksini tapır. Düşünürəm ki, bu tapşırıqların icrası o qədər də çətin olmayan bir proses olacaqdır. İstər Təhsil Nazirliyinə, istərsə də Mərkəzi Banka və digər nazirlik və agentliklərin icra etməli işlər var ki, öz həllini asanlıqla tapacaq. Ancaq fondun gələcək fəaliyyəti, onun nə dərəcədə Azərbaycan təhsilinə və Azərbaycan iqtisadı sisteminə faydalı olması bu fərmanın 5-ci bəndinin icra edilməsindən asılı olacaq. Daha dəqiq desək cənab prezident bu fərmanın 5.2-ci bəndində Nazirlər Kabinetinə tapşırır ki, bu fondun kreditinin verilmə qaydalarını bir ay müddətində hazırlayıb cənab prezidentə təqdim etsinlər.

Baxın, Fondun fəaliyətinin səmərəliliyinin əsası məhz bu sənədin 5.2-ci maddəsində olan məsələnin üzərində dayanır. Əsas məsələ kreditin kimlərə, hansı ixtisaslara, hansı ali məktəblərə, hansı şərtlərə verilməsidir.
Bu şərtlərlər və qaydalar üzərində çox ciddi düşünmək lazımdır. Bir anlıq təsəvvür edək ki, biz keçid balını toplamış bütün müraciət edənlərə təhsil krediti ayırdıq. Hamı bu fondun vəsaitindən yaralandı və təhsilini başa vurdu. Bu kreditlərin geri qaytarılması məsələsi necə olacaq? Etiraf edək ki, bu gün ali məktəblərimiz bəziləri istisna olmaqla əksəriyyəti günki əmək bazarının tələblərinə cavab verən kadr hazırlığını yerinə yetirə bilmir. Bu gün mən diplomlu satıcıyam, mən diplomlu taksi sürücüsüyəm və s. deyə ali təhsil olsa da bu günkü əmək bazarında təhslinə uyğun iş tapmaqda çətinlik çəkənlər kifayət qədərdir. Biz əgər kortəbii şəkildə bütün müraciət edənlərə kredit versək 4 il sonra bu sayı artıracagıq. Ali təhsilli işsizlərin sayının artması ilə də məsələ bitməyəcək. Götürülmüş kreditlərin qaytarılması məsələsi ciddi bir problemə çevriləcək. Çünki ali təhsil məzunun işsizlik riski böyükdür. Belə olan halda Fondun kreditini hardan qaytaracaq. Tamam möhlət veriləcək? Nə qədər? Kim qarant verə bilər ki, bu möhlət bitəndən sonra şəxs iş tapacaq və kreditini ödəyəcək? Cəmi 6-7 il sonra bizim problemli kreditlər statistikasında bir alt bölmə yaranacaq. Adı da olacaq problemli təhsil krediti. Əgər bu gün hazırlanmalı qaydalar mükəmməl tərtib edilməsə zaman getdikcə bu problemli kreditin həcmi artacaq. Və bir gün elə kütləviləşək ki, dövlət büdcəsi hesabına bu kreditlərin silinməsi məsələsi gündəmə gələcək.

Hamımız Amerikaya imkanlar ölkəsi deyirik. Orada iqtisadi fürsətlər daha geniş və ali təhsil məzunun işləyərək kreditini geri ödəməsi praktik olaraq daha mümkün görünür. Amma bununla belə bir müddət əvvəl Amerika höküməti tərəfindən 3 milyard dollarlıq tələbə krediti silindi. Amma yenə də bundan 500 dəfə artıq borc qalmaqdadır. Daha dəqiq hazırda Amerikada 1.4 trilyon dollar tələbə borcu var. Bunun 40%-ə qədəri riskli hesab edilir. Buna görə də getdikcə kredit verilişi həcmləri azaldılır. Yəni biz xarici dövlətlərin müsbət təcrübəsindən yararlandığımız kimi acı təcrübəsindən də nəticə çıxarmalıyıq.

Platondan soruşmuşlar ki, Ağıllı və Müdrik adam arasındakı fərq nədir. Demiş ki, ağıllı adam problemdən həll yolunu tapır. Müdrik adam isə bu problemi yaranmağa qoymur. İndi biz 10 il sonra ciddi bir problemə çevrilə biləcək prosesin qarşısını indi ala bilərik. Bunun üçün bu fonddan kreditlərin verilməsilə bağlı şərtlərə daha ciddi yanaşılmalı, risk faktorları daha dərindən araşdırılmalı və qaydalar tərtib edilməlidir.

Bu qaydalarla bağlı təkliflərimə gəldikdə isə əvvəlcə bal limitləri olmalıdır. Yəni müəyyən baldan yuxarı toplayanlar üçün mürciət qəbul edilməlidir. Daha sonra ixtisas kateqoriyaları nəzərə alınmalıdır. Çox yaxın keçmiş üçün aktuallığını itirəcək ixtisaslara bu kredit verilməməlidir. Peşə təhsilinin kreditləşdirilməsinə daha çox diqqət yetirilməlidir. Elə ixtisaslar var ki, abuturiyentlərin axını çox aşağı səviyyədədir, amma perspektivdə bu ixtisaslar dövlət üçün vacibdir. Belə ixtisasları konkret şəkildə dəqiqləşdirilərək, bu prosesdən stimullaşdırıcı alət kimi istifadə edilməlidir.

Eldəniz Əmirov, iqtisadçı-ekspert

Bütün xəbərlər Facebook səhifəmizdə