"Cənubi Qafqazda sülh və sabitlik quruculuğu ikitərəfli səylərlə baş verməlidir" - Esmira Cəfərova yazır

10 noyabr 2020-ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyannamənin imzalanması İkinci Qarabağ Müharibəsini bitirməklə yanaşı Ermənistanla Azərbaycan arasında otuz ilə yaxındır davam edən münaqişəyə son verdi. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Eurasia Review” portalında “Cənubi Qafqazda sülh və sabitlik quruculuğu ikitərəfli səylərlə baş verməlidir” (https://www.eurasiareview.com/27012021-building-peace-and-stability-in-south-caucasus-should-be-a-two-way-street-oped/) başlıqlı məqaləsində məlumat verilib.

Məqalədə qeyd olunur ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə həm Ermənistan, həm də Azərbaycan üçün 1991-ci ildə müstəqilliklərini yenidən qazandıqdan bəri ilk dəfə olaraq iki ölkə arasında bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını açmaq üçün həqiqi ümid yaranıb.

Qeyd edilir ki, 11 yanvar 2021-ci il tarixində yeni üçtərəfli Moskva bəyannaməsinin imzalanması, bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını rəsmiləşdirib və Rusiya, Azərbaycan və Ermənistanın müvafiq hökumət orqanlarına Naxçıvan dəhlizinin açılması ilə bağlı konkret təkliflər irəli sürmək tapşırılıb. Məqalədə müəllif 10 Noyabr bəyannaməsindən sonra baş verən hadisələrin müşahidəsinə əsaslanaraq Azərbaycanın həqiqətən regional sülh və sabitliyin bərqərar olunmasında ciddi səylər göstərdiyini iddia edərək Azərbaycanın siyasətinin maksimum əməkdaşlığa yönəldiyini ifadə edib. Bu, Azərbaycanın yerli erməni əhalisinin vəziyyətinin yaxşılaşdırlması üçün humanitar yüklərin daşınmasına verilən icazə, Kəlbəcər rayonunun azad edilməsi müddətinin 15 noyabrdan 25 noyabradək uzadılması, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinin Ermənistan tərəfindən istifadəsinə icazə verilməsi və bu kimi tədbirləri əhatə edir.

Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycanın bu addımları düzgün qiymətləndirilmir, əvəzində isə çoxsaylı provokasiyalara əl atılır. Unutmaq olmaz ki, son 30 il ərzində Cənubi Qafqazda yaradılması mümkün görünməyən – Pax Caucasia – sülh və əməkdaşlıq mühitinin bərqərar olması hər iki tərəfin ciddi səyləri ilə mümkün ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə