Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlandı

2020-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 360,8 milyon manat, büdcə xərcləri isə 12 425,3 milyon manat təşkil edib. ARDNF-dən SİA-ya bildirilib ki, 2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 382,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 587,3 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,7 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat təşkil etmişdir.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 978,6 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 21,1%-ni təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 473,9 milyon manat təşkil etmişdir.

Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 200,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200,0 milyon manat, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilmişdir. 2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21,2 milyon manat təşkil etmişdir.

2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,56% artaraq 43 564,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard ABŞ dolları təşkil etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...