Su müharibələri başlayır: Azərbaycan hazırdırmı? - ARAŞDIRMA

Su müharibələri başlayır: Azərbaycan hazırdırmı? - ARAŞDIRMA

30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə dünyada ciddi su böhranı, hətta su müharibələri baş verəcək. Artıq həmin vaxt gəlib çatıb. Qlobal istiləşmə və quraqlıq bəzi ölkələr arasında hətta siyasi gərginliyə səbəb olub. Məsələn, Dəclə və Fərat çaylarının suyunun bölüşdürülməsi uğrunda Türkiyə, İraq və Suriya arasında gərginlik davam edir. Bu çaylarda su azaldığından Türkiyə məcburən suyun çoxunu özünə götürür, İraq və Suriyaya çox az su gedir. Bu da həmin ölkələrlə Türkiyə arasında gərginliyi artırır. Eyni vəziyyət dünyanın başqa yerlərində, o cümlədən ölkəmizdə də var.

Qlobal su problemi ölkəmizi hədələyir?

Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində düşmən ölkə oradakı kiçik çayların və su anbarlarının qanunsuz istifadəsini davam etdirir, bizim digər əraizlərə su keçməsinə imkan vermirdi, nəticədə 10-a yaxın rayonda ciddi su qıtlığı yaranırdı. Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində düşməni darmadağın edərək ərazilərimizi işğaldan azad etməsi su mənbələrinin də geri qaytarılmasına səbəb oldu. Beləliklə, ölkəmizin istifadə oluna biləcək su ehtiyatlarının həcmi xeyli artmış oldu.

Lakin təhlükə hələ də tam keçmiş deyil. Çünki problem qlobaldır, beynəlxalq elmi mərkəzlər tərəfindən istiləşmə və quraqlıq proseslərinin davam edəcəyi proqnozlaşdırılır və bir çox ölkələrdə daha ciddi su problemi yaranacağı bildirilir.

Ötən yay mövsümündə Azərbaycanda ciddi su problemi yarandı. Ölkənin “şah damarı” Kür çayının mənsəbinə yaxın hissələrində çay suyu minimuma düşdüyündən Xəzər dənizin suyu geri- çaya axması tarixdə ilk belə hal idi. Mingəçevir su anbarında suyun səviyyəsi xeyli azalmışdı. Nəticədə təkcə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edildi. Bu səbəbdən də, bu mövsümdə xeyli məhsul su çatışmazlığından sahələrdə yandı, dövlətə, əhaliyə xeyli zərər dəydi.

Azərbaycan onsuz da əhaliyə və əraziyə nisbətdə içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Respublikamızda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatları ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr təşkil edir ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.

Ölkəmizin su ehtiyatının da 70 faizi ölkə xaricindəki mənbələrdən formaslaşır. Qlobal su böhranı yarandıqda bizimlə qonşu ölkələr həmin çayların- Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcək, biz problemlə üz-üzə qalacağıq. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir.

Bununla yanaşı, son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə”, meşələrdə seyrəkləşmə gedir. Prezident İlham Əliyevin hökumətin müşavirəsində dediyi kimi, 2030-cu ilə artıq respublika miqyaslı böyük səhralaşma yarana bilər. Məsələ təkcə əhalinin sudan istifadəsində çətinliklərlə və ya ekoloji problemin yaranması ilə bağlı deyil, bu həm də ərzaq təhlükəsizliyi, dolayı olaraq iqtisadi problemlərin meydana çıxmasına səbəb ola bilər. Yekunda bu milli və dövlət təhlükəsizliyi məsələsidir, lakin bu sahəyə məsul şəxslərin davranışlarından və açıqlamalarından görünür ki, onlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər.

Problemdən çıxış yolu varmı?

Fikrimizcə, çıxış yolları var və hələ də gec deyil. Ekspertlərin fikrincə, aşağıda qeyd olunan effektiv tədbirlər görülsə, problemin kəskinləşməsinin qarşısını almaq olar.

1. Xüsusi şirkətlərə, müəssisələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdıraraq emal etdikləri su yaşıllıqların suvarılmasında, nəhəng həcmdə su israf edən broyler fabriklərində, digər müəssiələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.

4. Ölkədə ekoloji problemlərin qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.

5. Su itkiləri minimuma endirilməli, sudan effektli və qənaətli istifadə olunmalıdır.

Bizdən dəfələrlə az su ehtiyatlarına malik ölkələr, suyu elə optimal, elə itkisiz idarə edirlər ki, problem yaranmır. Onlardan dəfələrlə çox su ehtiyatına malik olduğumuz halda bizdə niyə problem yaranmalıldır?

Dövlət başçısının qeyd etdiyi kimi, bəzi hallarda su itkisi 40-50 faizə çatır. Bu, çox yüksək rəqəmdir. Burada əsas problemlərdən biri də cənab Prezidentimizin qeyd etdiyi kimi, mövcud sudan istifadə zamanı qanunsuzluq edilməsi, yəni suvarma suyunun əsasən iri məmurların təsərrüfatlarına verilməsi ilə bağlıdır.

Mövsümün ən qızğın vaxtında bazarlardakı bahalığı gördük. Bunun əsas səbəblərindən biri də, su problemi ilə bağlı bir çox torpaq sahibinin əkindən imtina etməsi, bəzilərinin isə məhsulunun sahələrdə yanması ilə bağlıdır. Bu isə son nəticədə ərzaq istehsalında problemlər yaradır, ölkəmizin idxaldan asılılığını artırır.

Respublikada suvarılmadığından istifadə olunmayan milyonlarla hektar torpaq sahələri var. Oralara kanallar çəkib, artezian quyuları qazıb, suvarma sistemi qurub böyük təsərrüfatlar salmaq, böyük həcmdə ərzaq istehsalı təşkil etmək olardı. Nəticədə ölkədə bolluq və ucuzluq yaranar, ərzaq idxalından azad olar, hətta ixrac edib ölkəyə xeyli valyuta gətirə bilərdik. Üstəlik bunun nəticəsində yüngül və yeyinti sənayesi də inkişaf edərdi.

Göründüyü kimi, hazırda isə aqrar sektorda ən böyük problem su problemidir. Aidiyyatı orqanların məsul şəxsləri bu problemin qarşısını almaq üçün düzgün tədbirlər həyata keçirməlidir. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz.

Potensial və perspektivlər nə vəd edir?

Su sektoruna ayrılan vəsaitlər digər sahələrin əksəriyyətindən çoxdur. Müşavirlərində birində dövlət başçısı bu sahədəki problemlərə də toxundu və qeyd etdi ki, su sektoruna kifayət qədər vəsait ayrılıb, lakin bəzi orqanların və məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində effektiv tədbirlər görülməyib. Bu sahəyə məsul şəxslər Prezientin reaksiyasından sonra ciddi işə başlayıblar.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"nda müxtəlif işlərin görülməsi nəzərdə tutulub. Planda alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, çox sayda subartezian və artezian quyularının qazılması, həmçinin 10 yeni su anbarının tikilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, ölkəmizin su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göllər, bulaqlar, həm də Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan kimi iri su anbarları Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində idi. Ərazilərimizin azad olunmasından sonra bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll olunacaq.

Əlbəttə, bu işlər həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır. Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə.

Bir çox ölkələr, həmçinin, yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə xeyli əvvəldən lazımi işlərə start veriblər. Hətta, Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından bir neçə il qabaq su qıtlığı yaşayan ölkələrə içməli suyun satılması haqda müqavilələr bağlayıb və dərinlərdə yerləşən böyük su hövzələrinin istismarı üçün işlərə başlayıb. İsrail dəniz suyunu şirinləşdirməklə ölkənin su tələbatının böyük hissini ödəyir. Türkiyə ərazisindən xaricə çıxan çayların (Dəclə, Fərat, Kür və s.) üstündə böyük su anbarları yaradır, bu çayların suyunun daha çox hissəsini öz istifadəsinə ayrır və anbarlarda böyük ehtiyat saxlayır.

Bizdə isə bu sahədə problemlər Ekologiya Naziriyi, Azərsu, Su və Melorasiya kimi aidiyyatı orqanların öz işlərini görməməsindən ya da işlərini əksinə görməsindən irəli gəlir. Lap düzünü desək, bu problemi onlar yaradıb və qarşısının alınması üçün ciddi tədbir görməyiblər.

Təhlükə isə qapıdadır. Ümidvaram bunun nə demək olduğunu müvafiq orqanların məsul şəxsləri başa düşürlər. Bu strateji təhlükəsizlik problemidir və gec də olsa qabaqlayıcı tədbirlərə başlamaq lazımdır. Artıq onsuz da gecikmişik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə