İİTKM-də Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüş keçirilib FOTO

İİTKM-də Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüş keçirilib. SİA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nümayəndələri ilə görüş keçirilib.

İki qurum arasında əməkdaşlığın inkişafına həsr olunan görüşdə ilk olaraq İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. Bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət proqramlarının monitorinq və qiymətləndirmə institutu kimi strateji yol xəritələrinin və iqtisadi yönümlü dövlət proqramlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bundan başqa İİTKM-in nəzdində fəaliyyət göstərən Azexport, EnterpriseAzerbaijan portalları, eləcə də Rəqəmsal Ticarət Qovşağı və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac potensialının reallaşması və prosesinin rəqəmsallaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. R.Hüseyn əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə sığorta bazarının inkişafı etdirilməsi priotetlərdən biridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidə öz fəaliyyəti müddətində ölkəmizdə sığorta bazarının inkişafına, xüsusən də kənd təsərrüfatı sığortasının, icbari tibbi sığortanın inkişafın töhfə verməyə çalışıb. Hazırda da sığorta sahəsində düzgün kommunikasiyanın qurulması vacibdir. Bu səbəbdən də Mərkəzlə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığın dərinləşdirilməsi əhəmiyyətlidir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev də sığorta sahəsində aparılan işlərdə dövlət dəstəyinin olduğunu xüsusi vurğulayıb. O bildirib ki, son dövrlərdə Azərbaycanda bu sahədə atılan addımların beynəlxalq standartlara uyğunlaşdırılması üçün xeyli işlər görülüb. Bunların sırasında iki əhəmiyyətli istiqamət var: təbliğat və maarifləndirilmənin düzgün qurulması, eləcə də data məlumat bazasının formalaşdırılması. ASA rəhbərliyinin Azexport portalında sığorta xidmətlərinin yerləşdirilməsi haqqında təklifi İİTKM tərəfindən müsbət qarşılandı.

Müzakirənin yekununda İİTKM-lə ASA arasında əməkdaşlığın davam etdirilməsi üçün tədbirlər planının hazırlanması və ekspertlər qrupunun formalaşdırılmasına dair razılıq əldə olundu.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...