AQTA dönərin satış qiymətinə müdaxilə edəcək? AÇIQLAMA

Azərbaycanda yaradılacaq yeni nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiymət siyasəti məsələsinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müdaxilə etməyəcək. SİA xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Agentlikdən əlavə edilib ki, dönərlərin satış qiymətinin müəyyən edilməsi sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihənin həmicraçıları tərəfindən sahibkarlar üçün biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək.

Baxış keçirilmiş dönərxana obyektlərinin müəyyən bir qismində qida təhlükəsizliyi, avadanlıqların təchizatı, obyektlərdə təmir və yenidənqurma işlərinin aparılması, eyni zamanda seçilmiş hər bir sahibkara və işçi heyətinə təlimlərin keçirilməsi baxımından dəstəyin göstərilməsi məqsədəmüvafiq hesab olunur.

Layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə dönər biznesi ilə məşğul olan 20 nümunəvi müəssisənin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə