Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun (ASF) açıqlamasında bildirilir.
Bu sığorta ilə bağlı detalları həmin qurum fermerlərin və kənd təsərrüfatı heyvanları sahiblərinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ilk olaraq 1-7 yaşlı südlük inək və camışlar sığortalanacaq.
Daha dəqiq desək, 1-7 yaş arasında südlük inək və camışlara sahib olan fermer və təsərrüfatlar aqrar sığorta vasitəsilə bu heyvanları sığortalaya biləcəklər. Həmçinin nəzərə çatdırılır ki, sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək.
Açıqlamada diqqətə çatdırılır ki, Heyvanların sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Bundan başqa, heyvan sahiblərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə, heyvanları nəzərdə tutulmuş risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq.
Qeyd olunur ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün heyvan sahibləri bir sıra tələblərə əməl etməlidirlər və tələblər heyvanların saxlanılması və onlara qulluq, eləcə də onların identifikasiyası məsələlərini əhatə edir. Həmçinin nəzərə çatdırılır ki, Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı heyvanlarını sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sisteminə daxil olan, "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta", və "Bakı Sığorta" ASC kimi vasitəçi sığorta şirkətlərinin ofislərinə müraciət etməlidirlər.
Sığorta haqqının necə ödənməsinə gəldikdə isə bildirilir ki, Azərbaycanda tətbiq ediləcək aqrar sığorta mexanizmi üzrə sığorta tarifləri üzərində işlər hazırda tamamlama mərhələsindədir və dəqiqləşdikdən sonra ictimaiyyətə açıqlanacaq. Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. "Aqrar Sığorta haqqında" qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına, digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödəniləcək. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25%-ni təşkil edir.
Xatırladaq ki, aqrar sığorta ilə sığortalanmış kənd təsərrüfatı heyvanı sığorta hadisəsi nəticəsində tələf olarsa, heyvanın sahibi 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Qeyd edək ki, sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur və müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB