"Sığorta sektoru üçün ən böyük problem inamın yüksək olmamasıdır" ÖZƏL - AÇIQLAMA
"Bəzi hallarda çox təəssüf ki, sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməsində müəyyən problemlər və çətinliklər olur. Bu da ümumi sığorta sektoruna olan inama təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputatı Vüqar Bayramov Azərbaycanda son illər ərzindəki sığorta fəaliyyətindən danışarkən deyib.
O bildirib ki, pandemiyanın təsir etdiyi sektorlardan biri də təbii ki, sığorta sistemidir: "Azərbaycan Respublikası Mərkəzi Bankının aprel ayında təsdiq etdiyi tədbirlər planında həm də sığorta şirkətləri üçün təşviq nəzərdə tutmuşdu. Nəzərə alsaq ki, pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərib, onların 11-də fəaliyyətlərin dayanması, 9-da isə fəaliyyətlərin 70 faiz məhdudlaşdırılması nəzərə çarpıb. Bu baxımdan pandemiyanın həm də sığorta ödənişlərinə birbaşa təsir göstərdiyi məlum olub. Çünki, pandemiyanın təsir etdiyi sektorlarda çalışanların ödənişlərində azalmalar müşahidə olunur. Bu da təbii ki, həm də sığortaya olan marağın da müəyyən qədər azalmasına səbəb olub".
Millət vəkilinin sözlərinə görə, aparılan tətqiqatlar göstərir ki, bu gün sığorta sektoru üçün ən böyük problemlərdən biri hələ də inamın yüksək olmamasıdır: "Çünki, bəzi hallarda çox təəssüf ki, sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməsində müəyyən problemlər və çətinliklər olur. Bu da ümumi sığorta sektoruna olan inama təsir göstərir. Eyni zamanda hələ də vətəndaşlarımızın və o cümlədən, sahibkarların sığorta ilə bağlı tam məlumatlılığı formalaşmayıb. Xüsusilə də, son illər baş verən yanğınlar nəticəsində bəlli oldu ki, sahibkarlar öz əmlaklarını sığortalamayıblar. Buna görə də, onlar sığorta haqlarından istifadə edə bilmədilər".
Vüqar Bayramov qeyd edib ki, bütün bunlar sığorta ilə bağlı məlumatlılığın aşağı olduğunu göstərir: "Bu sahədə məlumatlılığın artırılması çox vacibdir. Post-pandemiya dövründə sığorta sektorunun inkişaf etdirilməsi, həm inamın artırılması, həm də məlumatlılığın yüksəldilməsi prioritet məsələlərdən olacaq. Nəzərə alsaq ki, sığorta həm real sektorun, həm də aqrar sektorun inkişafı baxımından çox vacib hesab olunur. Bu baxımdan təbii ki, post-pandemiya dövründə sığorta sektorunun inkişafı əsas məsələlərdən biri kimi görünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB