"Qəbul olunan qərarlar xalqın rifahına xidmət etməlidir" ÖZƏL - AÇIQLAMA
"Qəbul olunan qərarlar xalqın rifahına xidmət etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün iqtisadiyyatın ağardılması istiqamətində, eləcə də davamlı iqtisadi inkişaf modeli xarakterizə edən rəqəmsallaşmanı, habelə innovasiyanı tətbiq etməklə Azərbaycan yeni bir mərhələyə qədəm qoymuşdur: "2018-ci il Prezident Seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən elan olunmuş və ardıcıllıqla həyata keçirilən iqtisadi islahatlar kontekstində çoxvektorlu iqtisadi siyasət həyata keçirilməkdədir. Bir tərəfdən kadr islahatlarının, digər tərəfdən isə iqtisadiyyat subyektlərinin təkmilləşdirilməsi, yeni iqtisadi idarəçilik modelinin formalaşması, idxal və ixrac proseslərinin şəffaflaşdırılması, maliyyə nizam-intizamına ciddi nəzarətin tətbiqi, sahibkarlıq fəaliyyətinin bazar iqtisadiyyatı qanunlarına uyğunlaşdırılması əsas xətt olaraq ardıcıllıqla tətbiq olunmaqdadır.
Son illər, xüsusilə də 2019-cu ildə gömrük və vergi orqanları tərəfindən dövlət büdcəsinə 2 mlrd manatdan artıq əlavə vəsaitin yığılması, habelə 2019-cu ilin iqtisadi göstəricilərinin bütün sahələrində artım tempinin müşahidə olunması bir daha qısa müddətdə iqtisadiyyatın ağardılması istiqamətində aparılmış işlərin nəticəsidir".
Millət vəkilinin fikrincə, heç şübhəsizdir ki, yeni çağırışlar və Prezident tərəfindən qoyulmuş tapşırıqlar fiskal siyasəti müəyyən edən orqanların qarşısında əlavə, təxirəsalınmaz tədbirlərin keçirilməsini zəruri edir:
"Bu baxımdan gömrük və vergi orqanları, onların mütəxəssisləri real şəraitə uyğun olaraq ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasını, habelə iqtisadiyyatın şaxələndirilməsi və şəffaflaşdırılması üçün nəzərdə tutulan təkliflərlə hökumət qarşısında çıxış edir.
Nazirlər Kabineti tərəfindən 22 avqust 2020-ci il tarixində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliyin edilməsi bilavasitə iqtisadiyyatımızın sağlamlaşması, həmçinin iqtisadi təhlükəsizliyimizin qorunması, qeydiyyat-uçot və statistik məlumatların pərakəndəliyinin qarşısının alınması, dövlət büdcəsinə əlavə daxilolmaların təmin edilməsi istiqamətində xidmət göstərir.
Lakin, eyni zamanda COVID-19 pandemiyasının əhalinin sosial-iqtisadi vəziyyətinə vurduğu zərər hökumət tərəfindən bu vaxtlarda qəbul olunan istənilən qərarın həssaslığını artırır. Bu baxımdan da biz həm Cənab Prezident tərəfindən müvafiq icra orqanlarına verilən tapşırıqların həyata keçirilməsində dövlət institutlarına yaxından köməklik göstərməli, həm də hamının marağında olduğu dövlətimizin iqtisadi qüdrətinin dayanıqlılığının təmin olunmasında yardımçı olmalıyıq".
Məzahir Əfəndiyev əlavə edib ki, digər tərəfdən vətəndaşların bu məsələyə dair olan müxtəlif münasibətləri hərtərəfli öyrənilməli və zərurət yarandıqda qərara növbəti dəfə dəyişikliklərin edilə biləcəyini nəzərdə saxlamalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB