Gömrükdə sifariş limitlərinin optimallaşdırılması daha məqsədəuyğundur - MÖVQE ÖZƏL
"Nazirlər Kabineti tərəfindən gömrüklə əlaqədar qəbul edilən qərarda limitlərin kəskin endirilməsi nəzərdə tutulub. Nəzərə alsaq ki, 1500 dollarlıq limit aylıq 800 dollara, poçt xidmətləri vasitəsilə birdəfəlik sifariş 1000 dollardan 300 dollara endiriib ki, bu da 3 dəfədən çox azalma deməkdir. Dövlət Gömrük Komitəsinin arqumenti ondan ibarətdir ki, şəxsi istəklə bağlı sifariş verilən məhsullar daha sonra satışa çıxarılır, vergidən yayınır və nəticə etibarilə bunun da izlənməsi çətin olur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, Dövlət Gömrük Komitəsi Avropa ölkələrində olduğu kimi şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizmlərin hazırlanmasını təklif edib: "Həmçinin bu cür malların satışına görə cərimələrin, eləcə də inzibati məsuliyyətin ağırlaşdırılması da nəzərdə tutula bilər ki, şəxsi istehlak üçün gətirilən mallar daha sonra istehlak bazarında satılıb vergidən yayınmasın. Amma bütövlükdə biz təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli şəkildə azaldılmalara gedilsin, kəskin azaldılmalar olmasın. Bütün hallarda limitin 3 dəfədən artıq azaldılması məqsədəuyğun deyil. Buna görə də, bu məsələyə yenidən baxılması və limitlərin optimallaşdırılması daha əlverişlidir".
V.Bayramov vurğulayıb ki, bizim hər zaman istinad etdiyimiz inkişaf etmiş və ya Avropa Birliyinə üzv olan ölkələrdə limitlərin çox nadir hallarda 3 dəfədən çox azaldılması və ya dəyişdirilməsi baş vermir: "Adətən limitlər mərhələli şəkildə dəyişdirilməlidir ki, həmin fəaliyyətlə məşğul olanlar öz işlərini qaydasına qoysun, xüsusən də şəxsi istehlak üçün sifariş verənlər bu limitlərə uyğunlaşsınlar və limitlərin mərhələli azalmasının təsirləri müəyyənləşdirmək mümkün olsun. Bu baxımdan optimal dəyişikliklər edilməsi daha məqsədəuyğun olardı. Bizim təklif də ondan ibarətdir ki, limitlərin bu cür kəskin azalması deyil, mərhələli şəkildə dəyişdirilməsi həyata keçirilsin və bununla da limitlərin dəyişdirilməsinin şəxsi istehlaka təsirlərini qiymətləndirmək mümkün olsun. Bütün bunların fonunda Nazirlər Kabineti tərəfindən, eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlərin belə kəskin azaldılması həyata keçirilməməsi daha yaxşı olardı. Düşünürəm ki, həmin limitlərə yenidən baxılıb optimallaşdırılması mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB