Açıq havada fəaliyyət göstərəcək iaşə obyektlərinin sayı 4 minə yaxındır EKSKLÜZİV - AÇIQLAMA

Açıq havada fəaliyyət göstərəcək iaşə obyektlərinin sayı 4 minə yaxındır EKSKLÜZİV - AÇIQLAMA

"Açıq havada fəaliyyət göstərə biləcək bütün kafe və restoranların sayı 3500 ilə 4000 arasındadır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov açıq havada fəaliyyət göstərəcək kafe və restoranlara nəzarətin hansı formada həyata keçiriləcəyi haqda məlumat verərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə konkret standartlar mövcuddur: "Əsas masalar arasındakı məsafə gözlənilməlidir, açıq havada fəaliyyət göstərəcək kafe və restoranlar dezinfeksiyaedici məhlulları ilə mütləq şəkildə təmin edilməlidir, o cümlədən, fəaliyyət göstərilən ərazi təmiz saxlanılmalıdır. Burada, obyektlərdə fəaliyyət göstərəcək personalın da mütləq şəkildə bütün qaydalara əməl etməsi ən vacib şərtlərdən biridir".

Departament direktoru bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən tətbiq ediləcək nəzarət gündəlik olaraq sadalanan bütün məsələlərin yerinə yetirilməsi ilə bağlı həyata keçiriləcək: "Sadalanan istiqamətlərdə monitorinqin həyata keçirilməsi üçün bütün rayonlar üzrə qruplar yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları, eləcə də, Rayon İcra Hakimiyyəti əməkdaşları da monitorinqə cəlb ediləcək. Rayon ərazilərini, ümumilikdə, şəhər ərazisini nəzarətdə saxlamaq üçün kifayət qədər qüvvə və vasitə ayrılmışdır".

İntiqam Məmmədov açıq havada fəaliyyət göstərə biləcək kafe və restoranların təxmini sayını da açıqlayıb: "Hazırda, əlimizdə təxmini rəqəmlər mövcuddur. Belə ki, açıq havada fəaliyyət göstərə biləcək bütün kafe və restoranların sayı 3500 ilə 4000 arasındadır".

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə