"Biznes mühitinin yaxşılaşdırılması iqtisadiyyatı dayanıqlı edir" ÖZƏL - AÇIQLAMA

"Biznes mühitinin yaxşılaşdırılması iqtisadiyyatımızın dayanıqlığını təmin edən əsas amillərdəndir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, son həftələrdə Azərbaycan hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən cox vacib tədbirlər həyata keçirir:

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yeni modul tipli xəstəxanalar istifadəyə verilir və bir daha insanların sağlamlığının gorunması dövlətin əsas məsələsi olduğunu göstərir. Eyni zamanda, əhalimizin rifahının qorunması, makroiqtisadi sabitliyin saxlanılması, dövlət büdcəsinin səmərəli istifadəsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər də aparılmaqdadır.

Son illər baş verən dərin struktur və kadr islahatları yalnız korrupsiyaya və rüşvətxorluğa qarşı deyil, "kölgə iqtisadiyyatı"na da böyük zərbə vurmuşdur. İqtisadiyyatın ağardılmasında əsas prioritet istiqamətlərdən biri də əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsidir. Dövlət Vergi Xidməti tərəfindən görülən əməli tədbirlər nəticəsində qeyri-formal əmək müqavilələrinin qediyyata alınmasında ciddi artım müşahidə olunmuşdur və bu hal COVID-19 infeksiyasının yaratmış olduğu vəziyyətdən zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi prosesində də uğurla davam etmişdir. Karantin rejimi çərçivəsində bəzi sahibkarlıq subyektlərinin fəaliyyətlərinin dayandırılmasını nəzərə alaraq ölkə Prezidenti zərərçəkmiş sahibkarların fəaliyyətlərini bərpa etmələri və mikroiqtisadi sabitliyin qorunması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi prosesini davam etdirməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunmuşdur. Bu qaydaya əsasən sahibkarların dövlət zəmanətində olan biznes kreditlərinə çıxış imkanları genişlənmişdir. Kiçik və orta biznesin qorunması və inkişafı ucun dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılmışdır. Elektron Kredit Platformasının yaradılması da yeni və biznes mühitinin yxşılaşdırılması istiqamətində atılmış addımlardandır".

Millət vəkili əlavə edib ki, ölkədə təsdiq olunan xüsusi vergi rejimi ilə birgə müvəqqəti vergi rejimi də tətbiq olunmaqdadır:

"Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri, vergi rejiminin seçilməsi ilə bağı məsələlər tənzimlənmişdir. Lakin təəssüflə bildirmək istəyirəm ki, pandemiyanın, karantin rejiminin uzanması milli iqtisadiyyatımıza böyük zərbədir və görülmüş tədbirləri daima diqqətdə saxlamaq və yeni çagırışlara vaxtında müdaxilənin zərurətini diqtə edir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə