Rasim Əliquliyev: “Azərbaycanda Milli İnformasiya Təhlükəsizliyi Sistemi formalaşdırılır"

Rasim Əliquliyev: “Azərbaycanda Milli İnformasiya Təhlükəsizliyi Sistemi formalaşdırılır"

"İnformasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi baza yaratmaq vacibdir". Bu sözləri jurnalistlərə açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, bu məsələ ayrı-ayrı ölkələr kontekstində deyil, beynəlxalq qlobal informasiya təhlükəsizliyi kontekstində nəzərdən keçirilməlidir: "Kompüterləşmə prosesi elə səviyyəyə çatıb ki, bu məkanda müxtəlif təhlükələrlə - virus, spam növləri və digər təhlükələrlə üzləşmək mümkündür. Ona görə də Azərbaycanda bu sahədə təhlükəsizlik sisteminin yaradılması vacibdir. İnformasiya sahəsi insan təhlükəsizliyinin əsas faktorlarından birinə çevrilib. Bunun təmin olunması üçün kompleks tədbirlər görmək lazımdır. İlk növbədə bu sahədə beynəlxalq hüquqi baza formalaşdırılmalıdır. Çünki insanlara informasiya azadlığı verilib, lakin informasiya təhlükəsizliyi təmin olunmur. İnternetin hüquqi bazası da yaradılmalıdır. İnternet özünütənzimləmə mexanizmlərinə malik olmalıdır və bu, hansısa ölkənin qanunvericiliyi çərçivəsində deyil, beynəlxalq hüquq əsasında olmalıdır".

 

O, qeyd edib ki, Azərbaycanda informasiya texnologiyaları inkişaf edib və ən geniş platformalardan biri internetdir. İnstitutun hansısa konkret təkliflər hazırlayıb-hazırlamadığı barədə sualı cavablandıran alim bildirib ki, Azərbaycanda Milli İnformasiya Təhlükəsizliyi Sistemi formalaşdırılır və bu istiqamətdə iş aparılır. İnternetin tənzimlənməsinin formalarına toxunan R. Əliquliyev hazırda BMT strukturlarının tədqiqatlar apardığını və bu sahədə beynəlxalq proqramlar hazırladığını vurğulayıb. Belə ki, hər hansı ölkədə internetin tənzimlənməsi gündəmdə deyil çünki bununla beynəlxalq strukturlar məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə