Dövlət dəstəyinin gücləndirildiyi turizm sektoru Azərbaycanda prioritet sahədir ÖZƏL - AÇIQLAMA

"Prezident İlham Əliyev turizmə təstəyin artırılacağını son görüşdə də bildirib. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm Azərbaycan üçün prioritet olmaqla yanaşı həm də dövlət dəstəyinin daha da gücləndiriləcəyi sektorlardan biri olaraq qalacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, turizm qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir və Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyasını da özündə ehtiva edir: "Bu baxımdan turizm ölkəyə valyuta gətirən sektorlardan biridir. Qeyri-neft sektorunda turizm Azərbaycana çox valyuta gətirən və enerji sektorundan sonra ölkəmizə valyuta gətirən ikinci sektordur. Nəzərə alsaq ki, 2019-cu il Azərbaycanda turizmin inkişafı baxımından yaddaqalan illərdən biri olub. Belə ki, ölkəyə ötən il 3 milyondan artıq turist gəlib və bu ölkəyə gələn turistlərin illik olaraq sayının 15 faiz artması deməkdir və xaricilər ötən il Azərbaycanda 2 milyard dollara yaxın vəsait xəcləyiblər ki, bu da təbii ki, ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir və biz son illər xüsusilə də 2015-ci ildən sonra turizm sektorunun daha çox inkişaf etməsini müşahidə edə bilərik. Əvvəlki illərdə formalaşan infrostuktur ölkəyə daha çox turistlərin gəlməsinə imkan yaradıb eləcə də həm vizaların verilməsi sisteminin elektronlaşması bu istiqamətdə şəffaflığın gücləndirilməsi də Azərbaycana gələn turistlərin sayına da birbaşa təsir göstərir ki, bu da ölkəyə daha çox turistin gəlməsinə səbəb olub".

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib və turizm sektorunda infrostrukturun, logistik xidmətlərin inkişaf etdirilməsi, eyni zamanda digər istiqamətlərdə, eləcə də turizm şirkətlərinin maliyyə resurslarının çıxış imkanlarının artırılması ilə bağlı mütəmadi olaraq ölkə tərəfindən dəstək nümayiş etdirilib: "Pandemiya Azərbaycana gələn turistlərin sayına birbaşa təsir edib, turizm sektoruna ən çox təsir göstərən sektorlardan biridir. Lakin, iqtisadi paket çərçivəsində turizm sektorunda çalışan sahibkarkar dövlət dəstəyindən istifadə edə bildilər. Bununla belə təbii ki, turizm Azərbaycan üçün prioritet sahə olduğuna görə və eyni zamanda Azərbaycan Prezidentinin siyasi iradəsi pandemiyanın təsirlərini bütün sektorlarda minimumlaşdırmaqdan ibarət olduğunu nəzərə alsaq növbəti dövrlərdə də pandemiyanın davam etdiyi növbəti aylarda da turizmə dəstək davam etdiriləcək. Prezident İlham Əliyev turizmə təstəyin artırılacağını son görüşdə də bildirib. Pandemiya dövründə bu sektorun dövlət dəstəyindən istifadəsinin davam etdiriləcəyini bildirib. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm Azərbaycan üçün prioritet olmaqla yanaşı həm də dövlət dəstəyinin daha da gücləndiriləcəyi sektorlardan biri olaraq qalacaq. Azərbaycan dövləti turizm sektorunun və bütövlükdə bu sektorda çalışan sahibkarların, vətəndaşlarımızın daha yaxından dəstəklənməsi siyasətini davam etdirir. Azərbaycan turizmdəki mövcud potensialını qorunub saxlanılması üçün dəstəyi davam etdirəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə