COVID-19-la mübarizədə 3 ay ərzində nə qədər vəsait xərclənib? ARAŞDIRMA

COVID-19-la mübarizədə 3 ay ərzində nə qədər vəsait xərclənib? ARAŞDIRMA

Son 3 ay ərzində Azərbaycanda COVID-19-la mübarizədə həm xəstələrin müalicəsində, həm də bu prosesdə iştirak edən tibbi və qeyri-tibbi personalın maaşına əlavələr edilməklə müəyyən maddi vəsait xərclənib. SİA-nın araşdırmasına əsasən, ay ərzində COVID-19-la mübarizədə virusa yoluxmuş təkcə bir şəxsin müalicəsinə 2400-4650 manat civarında, həmçinin, ay ərzində tibb və qeyri-tibb işçilərinə ödənilən əlavələrin həcmi isə ən azı 11.7 milyon manatla, ən çoxu 13.7 milyon manat civarında olub.

Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 6 may tarixində Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında ən yüngül vəziyyətdə olan xəstələrin müalicəsi üçün gündəlik təqribən 80, ağır vəziyyətdə olan xəstələrin müalicəsi üçün isə gündəlik 150 manat vəsaitin xərcələndiyini bildirmişdi. Onun sözlərinə görə, bu rəqəm xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir.

Bu məlumata əsasən, təkcə bir şəxsin müalicəsinə gündəlik təqribən, 2400-4650 manat civarında vəsait xərclənir. Pandemiyanın geniş vüsət aldığı mart ayında isə 31 mart tarixi də daxil olmaqla ölkədə aprel ayına qədər 298 nəfər koronavirusa yoluxub. Yuxarıda göstərilən rəqəmlərə əsasən, mart ayı ərzində xəstələrin müalicəsinə təqribən, ən azı 715 min 200 manatla - 1 milyon 385 min 700 manat civarında maddi vəsait xərclənib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il Sərəncamına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsasən infeksiya ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdi.

Buna əsasə, İcbari Tibbi Siğorta Agentliyi tərəfindən mart ayı ərzində 21 min 634 tibb işçisinə, 2 min 386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

Aprel ayı ərzində isə agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən 11 min 707 tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib 9 min 15 tibb işçisi, 2 min 692 qeyri-tibb işçisi olmaqla 13.1 milyon manat müddətli əlavə ödəyib.

Aprel ayının 30-u daxil olmaqla ay ərzində 1506 nəfər koronavirusa yoluxub. Bu da təqribən ay ərzində xəstələrin müalicəsinə təqribən, 3 milyon 614 min 400 manatla - 7 milyon 2 min 900 manat civarında vəsait xərclədiyini göstərir.

Belə ki, aprel ayında Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçiləri pandemiya ilə mübarizəyə cəlb olunub.

May ayı ərzində isə ayın 30-u daxil olmaqla iyun ayına qədər bir ayda 3442 nəfər virusa yoluxub. Bu, ay ərzində virusa yoluxan xəstələrin müalicəsinə təqribən, 8 milyon 260 min 800 manatla - 16 milyon 5 min 300 manast civarında vəsait ayrıldığını göstərir.

COVID-19-la mübarizəyə may ayı ərzində 10 min 852 nəfər tibbi və qeyri-tibbi işçi cəlb olunub. Bu şəxslərə may ayı üzrə 13.7 milyon manat müddətli əlavə ödənilib. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8 min 376 nəfər tibbi işçi, 2 min 476 nəfər isə qeyri-tibbi işçidir.

May ayı ərzində Bakı şəhəri üzrə 61, respublikanın digər şəhər və rayonları üzrə 87 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə ödəniş edilib.

Belə ki, statistikaya əsasən aprel ayı üzrə 11 min 707 tibb və qeyri-tibb işçisi, may ayı üzrə isə 10 min 852 nəfər tibbi və qeyri-tibbi işçisi COVID-19-la mübarizəyə cəlb olunmuş və eyni zamanda aprel ayında 255 tibb müəssisəsi, may ayında isə 148 tibbi müəssisənin yeni növ koronavirusla mübarizəyə cəlb edilmişdir. May ayı ərzində virusa yoluxma faktları çox olsa da, həm COVID-19-lu xəstələrin müalicəsində iştirak edən tibbi və qeyri-tibbi işçilərinin sayı, həm də tibbi müəssisələrin sayı aprel ayına nisbətdə az olub. Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova SİA-ya açıqlama verib:

"Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən may ayı üzrə müddətli əlavələrin ödənişi davam edir. Təəsüflər olsun ki, xəstəxanalardan bütün siyahılar hələ gəlməyib. Lakin hər kəs ödənişlərin məbləği ilə maraqlanır. Buna görə də məlumat tərəfimizdən yayıldı və eyni zamanda ödənişlər davam etdirilir. Tibb müəssisələrinin rəhbərlərinə isə bu barədə yazmışıq ki, bu prosesi biraz tələsdirsinlər. Buna görə də, hər ay verdiyimiz statistikada ödənişlərin davam etdiyi məlumat verilir".

Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel tarixində bildirmişdir ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub və bu rəqəmləri tam dəqiq hesablamaq çətin olsa da gündəlik itkilərin məbləği 120-150 milyon manatdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə