"Dünyada hasilat azalır, neftə təlabat isə artır" EKSPERT RƏYİ - AÇIQLAMA

"Hazırda, "Brent" markalı neftin bir barelinin qitməti 35 ABŞ dolları civarındadır. Bazarda baş verən dəyişikliklərin nəticəsidir ki, ötən həftədən başlayaraq neftin qiymətlərində artım müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban ABŞ-da və bir sıra neft ixrac edən ölkələrdə xam neft ehtiyatlarının azalmasının neft bazarına təsirlərindən danışarkən deyib.

Onun sözlərinə görə, artıq 2 həftədir ki, Amerika Birləşmiş Ştatlarında neft hasilatı azalmağa davam edir və bununla yanaşı digər neft istehsal edən ölkələrdə də eyni hall yaşanır:

"Amerika Birləşmiş Ştatlarında neft hasilatı hələ ki, müşahidə etdiyimiz qədərilə iki həftədir azalmağa davam edir. O cümlədən, Çin Xalq Respublikasında hasilatın artdığı müşahidə edilir. Digər tərəfdən Körfəz ölkələrində hasilat azalıb. Həmçinin, Səudiyyə Ərəbistanında neft hasilatı azalır, o cümlədən, Nigeriyada da hasilatın azaldığı müşahidə edilir. Bu təbii ki, bazara müsbət təsir etdiyindən neftin qiymətlərində artıq artım müşahidə olunur. Hazırda, "Brent" markalı neftin bir barelinin qitməti 35 ABŞ dollardan yuxarı həddə keçid edir. Bütün bunların nəticəsidir ki, ötən həftədən başlayaraq neftin qiymətlərində biz bu artımı müşahidə edirik. Bunun nə qədər davamlı olması yenidən bazara neft ixrac edən və neft hasilatçı əsas ölkələrdəki bu informasiyaların bazarda yenilənməsindən asılı olacaq".

Belə ki, bazarda neft qiymətlərindəki bu artım tempi davam etdiyi müddətdə yaxın dövr ərzində neftin qiymətinin 40 ABŞ dollarının üstündə bərqərar olma ehtimalı haqqında fikir söyləyən ekspert qeyd edib ki, hazırda bu, mübahisəli məsələdir:

"Neftin bir barelinin qiymətinin 40 ABŞ dollarına çatması üçün kifayət qədər bazarı sıxışdırmaq lazımdır. Çünki, bazarda neftin həcmlərinin azalması və təlabatın artması ilə bağlı bazarda kifayət qədər tutumlu, inandırıcı yəni, bazar iştirakçıları tərəfindən inandırıcı qəbul edilən informasiya olmalıdır ki, neft öz dəyərini 35 ABŞ dolları həddindən 40 ABŞ dolları həcminə çatdıra bilsin".

Qeyd edək ki, "Bloomberg"in verdiyi məlumata əsasən, hazırda Çin Xalq Respublikasında neftə olan tələbat artmışdır. Bununla yanaşı ABŞ Enerji iderəsinin məlumatına əsasən ölkədə ixrac üçün nəzərdə tutulan xam neftin həcmində uzun müddətdən sonra azalma ilə müşahidə olunur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə