"Enerji layihələri Azərbaycanı enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevirib" ÖZƏL-MÜNASİBƏT

"Enerji layihələri Azərbaycanı enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevirib" ÖZƏL-MÜNASİBƏT

"Son 16 il ərzində ölkəmizdə 30-dan çox yeni elektrik stansiyası tikilib. Elektrik enerjisi hər bir ölkənin inkişafında əsas amildir. Vaxt var idi ki, biz elektriki idxal edirdik. Hətta əhaliyə elektrikin verilməsi böyük fasilələrlə həyata keçirilirdi. Cənab Prezidentin iqtisadi inkişafa düzgün yanaşması və inkişafın enerji sektorundan başlanması, bu gün Azərbaycanı inkişaf edən ölkəyə çevirib". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, son 16 ildə həyata keçirilən enerji layihələri Azərbaycanı enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevirib: "Elektrik enerjisiz iqtisadiyyatın heç bir sahəsi təsəvvür etmək mümkün deyil. Məhz ölkəmizdə yaradılmış müasir enerji infrastrukturu iqtisadiyyatımızı diversifikasiya etməyimizə inkan verib. I rübün sosial-iqtisadi inkişafının yekunlarında sənayedə 23% artıma nail olmuşuqsa, bu fasiləsiz təmin olunan enerjinin sayəsində əldə olunub. Elə bir sənaye sahəsi yoxdur ki, orada elektrik enerjisindən istifadə olunmasın. Məhz son illər enerji sektorumuzdakı inkişaf 1000 meqavat ehtiyat gücümüzü yaratmağımıza imkan verib. Elektrik enerjisinə əlçatanlığına görə dünyada 2-ci yerdəyik. Bu, Davos Ümumdünya İqtisadi Forumun hesabatında göstərilir. Ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqları ilə elektrik enerji istehsalının yeni sahələrinin, alternativ enerji istehsalı sahələrinin tikintisi davam etdirilir. Neft qiymətlərinin sıfıra yaxınlaşdığı bir dövrdə ölkəmizin gəlir mənbələrdən biri olan enerji istehsalını və ixracını genişləndirməliyik. Bu sahə günü-gündən daha çox aktualllaşır. Həm ölkə iqtisadiyyatının inkişaf etdirilməsi baxımından, həm də dövlət büdcəsi gəlirlərinin artması baxımından vacibdir. Ona görə də dövlət başçısının qeyd etdiyi kimi bu sektora xarici və daxili investisiyaları cəlb etməli, yeni güclərin yaranmasına nail olmalıyıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə