İqtisadi paketlə postkoronavirus dövründə iqtisadi artımı bərpa etmək mümkün olacaq - AÇIQLAMA

Azərbaycanda tətbiq olunacaq iqtisadi paket yalnız koronavirusun iqtisadiyyata təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda postkoronavirus dövründə iqtisadiyyatın dəstəklənməsini özündə ehtiva edir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi paketin reallaşması üçün 2,5 milyard vəsait ayıracaq: "Bu isə ümumidaxili məhsulun 3 faizidir. Praktiki olaraq Azərbaycan koronavirusa qarşı mübarizəyə ümumidaxili məhsuldakı paya görə MDB ölkələrin içində ən çox vəsait ayıran ölkədir. Bu da ondan xəbər verir ki, postkoronavirus dövründəki aktivliyin bərpa edilməsi təbii ki, Azərbaycan üçün əsas prioritet məsələlərdən biridir. Bütün digər ölkələrdə olduğu kimi qlobal iqtisadi artım tempinin azaldığını nəzərə alsaq koronavirus Azərbaycandakı iqtisadi artıma və eyni zamanda iqtisadi aktivliyə təsir göstərəcək. Nəzərə alsaq ki, karantin qaydalarına uyğun olaraq özəl sektorda fəaliyyətin məhdudlaşması da müşahidə olunur. Bu da özlüyündə bizim iqtisadi artımımıza təsir göstərir".

V.Bayramov bildirib ki, əsas hədəf Azərbaycanın koronavirusdan sonrakı dövrdə daha qısa zamanda iqtisadi artımı və aktivliyi bərpa edə bilməsidir: "Əslində iqtisadi paketin strateji tərəfi ondan ibarətdir ki, bu paketin reallaşması imkan verir ki, Azərbaycan koronavirusdan sonrakı dövrdə daha qısa zamanda və çevik olaraq iqtisadi artım tempini bərpa edə bilsin və güman olunur ki, koronavirusdan sonrakı dövrdə xüsusən də, sahibkarın dəstəklənməsilə bağlı təşviq proqramının icra edilməsi imkan verəcək ki, Azərbaycan qısa zamanda iqtisadi artım tempini bərpa etsin. Bu isə ondan xəbər verir ki, koronavirus Azərbaycan iqtisadiyyatına və eyni zamanda ölkədəki iqtisadi artıma təsir göstərsə də mövcud iqtisadi paketlə daha qısa zamanda koronavirusdan sonrakı dövrdə iqtisadi artımı və aktivliyi bərpa etmək mümkün olacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...