Azərbaycanın beynəlxalq aləmdəki imzası mötəbərliliyi ilə seçildir - ŞƏRH
Azərbaycan Prezidenti: "Sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir"
Fevralın 3-də "Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev regionlarının dördüncü Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları, cari ildə görüləcək işlər haqqında danışaraq bildiribki dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Bundan sonra da ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacağı qeyd olunub.
Ardıcıl və düşünülmüş siyasi kurs
Bəli, keçirilən müşavirədə dövlət başçısı çıxışında son 16 ilə ərzində əldə olunan nailiyyətldərlə bağlı konkret faktlar və rəqəmlərlə Azərbaycanın bu illər ərzində kosmik dövlətə çevrildiyini bildirdi. Bu uğurlar, sözsüz ki, ölkə liderinin ardıcıl və düşünülmüş siyasi kursunun reallıqlarıdır: "Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bizim üç peykimiz var, 16 il bundan əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi. Amma bu gün bu, reallıqdır. Nəinki üç peykimiz var, hətta iki ildən sonra dünyanın aparıcı tədbiri - Dünya Astronavtika Konqresi də Bakıda keçiriləcək, təxminən 50 ildən sonra. Çünki birinci dəfə Sovet İttifaqında da yeganə konqres 1973-cü ildə Bakıda keçirilmişdir. İndi 49 ildən sonra bu tədbir yenə də Bakıda, amma müstəqil Azərbaycan dövlətinin paytaxtı olan Bakıda keçiriləcək".
Dövlət başçısı nəqliyyat sahəsindən danışarkən bildirib ki, yeddi aeroport tikilib: "Onların altısı beynəlxalq aeroportdur. Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur".
Bakı-Tbilisi-Qars dəmir yolunu tarixi qələbə adlandıran dövlət başçısı bu yolun beynəlxalq əməkdaşlığın genişlənməsində ən mühüm layihə olduğunu da bildirib: "Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm".
Prezident İlham Əliyev energetika, neft-qaz sahəsindən danışarkən deyib ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib: "Bunlar tikilməsəydi, kim gəlib Azərbaycanın neft sənayesinə, özü də dənizdən çıxarılacaq neftə pul qoyardı? Heç kim. Sıfır investisiya olacaqdı. Nə edəcəkdik? Xaricdən neft alacaqdıq. Biz bu kəmərləri mürəkkəb geosiyasi vəziyyətdə inşa etdik, minimum risklərlə. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Çünki o kəmərlər tikilməsəydi, o dəhliz açılmasaydı, dəmir yolu dəhlizi də heç vaxt olmazdı. Bu yolu tikməyə bizim pulumuz da olmazdı. Gürcüstana 800 milyon dollara yaxın kredit verməyə də gücümüz olmazdı. Ondan sonra Cənub Qaz Dəhlizi. Bu da Avropanın ən böyük infrastruktur layihələrindən biridir, bunun təxminən 40 milyard dollar maliyyəsi vardır. Bir neçə ölkəni birləşdirir, 3500 kilometr uzunluğunda dörd seqmentdən ibarət nəhəng layihədir. Burada həm siyasi məharət, həm diplomatik addımlar, həm iqtisadi gücümüz, həm də beynəlxalq banklarla əlaqələrimiz, bu yolboyu yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız, bütün bunlar rol oynayıb. Bu layihəni həyata keçirmək üçün nə qədər çətinliklər olub. Bu barədə danışmaq üçün ayrıca bir tədbir lazımdır. Amma biz bunu da başa çatdırmışıq. Təşəbbüskar da Azərbaycandır. Artıq bir neçə ildir ki, Azərbaycanda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. Növbəti Şuranın toplantısı bu ayın sonunda keçiriləcək".
Azərbaycan Prezidenti vurğulayıb ki, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır və bunu etmişik: "Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".
Regionun ən güclü LİDERİ
Dünyanın digər beynəlxalq mərkəzləri və sorğu agentliklərinin də apardığı tədqiqatları, onların Azərbaycanla bağlı gəldikləri qənaətlər bir daha göstərir ki, regionun ən güclü LİDERİ Cənab İlham Əliyevdir. Azərbaycan Prezidenti Cənubi Qafqazda ardıcıl uğurlu siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeganə dövlət başçısıdır.
Dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bütövlükdə müstəqil siyasətin təməlində durur. Konkret desək, müstəqil siyasət kursunun real əsasları vardır. Burada iqtisadiyyat sahəsində müstəqil siyasət yeritməklə daxildə hakimiyyətlə vətəndaşların birliyi məsələsi mühüm yer tutur. Bu da özlüyündə çoxlu sayda vəzifələri - sabit cəmiyyət modelini, vətəndaş həmrəyliyini, hakimiyyətin şəffaflığını və demokratik idarəetmənin bərqərar olmasını ön plana çıxarmaq deməkdir. Prezident İlham Əliyev bütün bu məqamları dövlətin suverenliyini təmin etməyə imkan verən səviyyədə vəhdət halında reallaşdırmağa qadir, nəzəri və praktiki qüdrəti olan yeganə siyasətçidir. Bu kimi proqramların reallaşdırılması balanslaşdırılmış xarici siyasət kursu olmadan mümkün deyildi.
Beləliklə, yuxarıda qeyd olunan uğurlu nailiyyətlər, məhz dövlət başçımızın dedyi kimi: "Sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB