Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti Eqmont Qrupunun növbəti iclasında iştirak edib
2011-ci ilin 14-17 mart tarixlərində Niderland krallığının Aruba vilayətində Eqmont Qrupunun İşçi Alt-qruplarının iclası keçirilib. SİA-nın xəbərinə görə, təşkilatın Hüquq İşçi Alt-qrupunun iclasının gündəliyinə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna üzvlüyü məsələsi daxil edilib.
İclasda Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi ilə təmsil olunan nümayəndə heyəti iştirak edib.
Hüquq İşçi Alt-qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin ölkəmizin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə mübarizə sahəsində nailiyyətləri və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə dair təqdimatı keçirilmiş və bununla əlaqədar müzakirələr keçirilib. Eqmont Qrupuna üzvlük proseduru çərçivəsində mühüm mərhələ olan bu müzakirələrin nəticəsi olaraq Hüquq İşçi Alt-qrupu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna üzvlüyünə dair müsbət rəy bildirilib. Mövcud prosedurlara əsasən Eqmont Qrupuna üzvlüklə bağlı qərar təşkilatın plenar iclasında qəbul edilir. Eqmont Qrupunun növbəti plenar iclasının 2011-ci ilin iyul ayında təşkil ediləcəyi planlaşdırılır.
Maliyyə Monitorinqi Xidmətinin nümayəndə heyəti bu iclas çərçivəsində Eqmont Qrupunun Təlim İşçi Alt-qrupunun iclasında, habelə İşçi Alt-qruplarının ümumi iclasında da iştirak etmiş, təşkilata üzv ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparmış və Eqmont Qrupunun rəhbər şəxsləri ilə görüşlər keçirib.
Maliyyə monitorinqi orqanları arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə yaradılan Eqmont Qrupunun əsası 1995-ci ildə qoyulub. Hazırda 120 ölkənin maliyyə monitorinqi orqanı Eqmont Qrupunun üzvüdür.
Eqmont Qrupunun əsas məqsədi ilkin inkişaf mərhələsində olan maliyyə monitorinqi orqanlarının təşkilinə yardım göstərilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi, maliyyə monitorinqi orqanlarının əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim seminarlarının keçirilməsindən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB