Statistika Komitəsi ilə BMT arasında müzakirələr olub

Dövlət Statistika Komitəsi ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarın 21-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Görüşdə BMT və Azərbaycan Respublikası arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin (2021-2025) hazırlanması üzrə görülmuş işlər və Azərbaycanın milli statistika sisteminin növbəti beş il ərzində inkişaf prioritetləri müzakirə olunub.

Qonaqları salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov milli statistika sisteminin təkmişləşdirilməsi və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində Komitə tərəfindən görülən işləri diqqətə çatdırıb. DİM-in qiymətləndirilməsi üçün müvafiq statistik göstəricilərin milli səviyyədə tətbiq edilməsinin hər bir ölkə üçün vacib olduğunu qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və beynəlxalq məsləhətçi Peter Middlebrook səmimi görüşə görə minnətdarlığınıbildiriblər. Qeyd olunub ki, Azərbaycan BMT-nin fəal üzvlərindəndir. Bu gün dünyada istər qlobal, istərsə də milli səviyyədə 2030-cu ilə qədər müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunması olduqca aktualdır.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə