Regionlarla paytaxt arasındakı fərqin aradan qaldırılması üçün işlər görülüb - ÖZƏL AÇIQLAMA
“2019-cu il Azərbaycan İqtisadiyyatı üçün vacib illərdən biri olub”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, 2019-cu ildə Azərbaycan sürətli iqtisadi artımı bərpa edə bilib: “Xüsusən də 2014-cü ildə neftin dünya bazarında qiyməti aşağı düşdükdən sonra, iqtisadiyyatda stabilliyin bərpa edilməsi və iqtisadi artımın formalaşması əsas hədəflərdən biri idi. Artıq Azərbaycan 2017-ci ildə iqtisadi sabitliyi, 2018-ci ildən isə iqtisadi artımı bərpa edə bilib. 2019-cu ildə məhz bu baxımdan Azərbaycan üçün iqtisadi artımın bərpa edilməsi kimi yadda qalıb. Azərbaycan 2019-cu ildə 3 faizli iqtisadi artıma artıq nail olmaqdadır. Vacib məqamlardan biri qeyri-neft sektorunda ikirəqəmli və xüsusən də qeyri-neft sənayesində 15 faizlik artımın qeydə alınması olub. Bu kontekstdə regionlar çox vacib idi. Regionların inkişafı hər zaman Azərbaycan üçün prioritet məsələlərdən biri olub. Regionların inkişafi ilə əlaqədar dövlət proqramı qəbul edildikdən sonra biz regionlarda infrastrukturun inkişafını müşahidə etdik”.
V.Bayramov bildirib ki, 2019-cu ildə regionlar üçün vacib məqamlardan biri də infrastrukturun dəyərə çevrilməsi istiqamətində fəaliyyətlərin genişləndirilməsi olub: “Regional investisiyanın cəlb edilməsi xüsusən də, dövlət investisiya layihələrinin regionlara cəlb edilməsi prosesi sürətlənib. Nəzərə alaq ki, ümumiyyətlə son illərdə formalaşan sənaye qrantlarının böyük bir qismi regionların payına düşür. 2019-cu ildə Xəzər avtomobil zavodu artıq öz avtomobillərini daha kütləvi şəkildə bazara çıxarmağa başlayıb. Bu da regionlarda sənayenin inkişafında daha innovativ məhsulların istehsalı deməkdir. 2019-cu ildə biz regionlarda sənayeləşmə prosesinin sürətlənməsini müşahidə etdik. Bu da regionların inkişafı üçün çox vacibdir. Ona görə də bu kontekstdən də 2019-cu ildə regionla paytaxt arasındakı fərqi mərhələli şəkildə aradan qaldırılması istiqamətində işlər görülüb və 2019-cu ilin yekunları həm iqtisadiyyat üçün, həm də regionların sosial və iqtisadi inkişafı baxımından pozitiv qiymətləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB