"Hər vətəndaşın bu sahədə öz rolu olmalıdır" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev bütün yığıncaqlarda və beynəlxalq görüşlərdə xatırladıb ki, Azərbaycan inkişaf edən bir ölkədir. Ölkə başçısı bu inkişafın səbəblərini də açıqlayıb ki, son vaxtlar ölkədə həyata keçirilən çox mühüm tədbirlər və eləcə də qəbul olunmuş dövlət proqramları, bir çox strateji yol xəritələri Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verib”. Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, bu gün regionlarda aqrar sektorun inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər də göstərir ki, biz neftdən asılılığı aradan qaldırmalıyıq: “İndi emal müəssisələrinin, sənaye parklarının, aqroparkların yaradılması əsas verir ki, Azərbaycanda sənaye istehsalı artsın və bu artımla əlaqədar biz həm də qeyri-neft sektorundan, digər sahələrdən asılı olmadan öz istehsalımızı artıraq, külli miqdarda vəsait əldə edək. Məsələn, pambıqçılıq, baramaçılıq, şərabçılıq, eləcə də digər sahələrin inkişafı, yerli məhsullarımızın xaricə ixracının sürətlənməsi gəlirlərin əldə edilməsi, valyutanın ölkəyə daxil olmasına imkan verir ki, bu da ölkədə sosial rifah halının yaxşılaşmasına şərait yaradan amillərdir. Əlbəttə ki, bütün bu inkişafın təməlində ölkə rəhbərinin siyasi iradəsi, hadisələrə real münasibət göstərməsi, nöqsanların tez bir vaxtda aşkar edilib aradan qaldırılması durur. Artıq elə bir sahə yoxdur ki, onunla bağlı mühüm dövlət proqramı olmasın. Bu dövlət proqramları illik, beşillik, onillik, eləsi var ki, uzunmüddətlidir və həmin sahələrin inkişafına yönəldilib. Digər tərəfdən strateji yol xəritələridir ki, burada inkişafın mühüm sahələri əks olunub, bunlar ayda, yaxud üç ayda bir dəfə müzakirə edilir və müəyyən çatışmazlıqlar, uyğunsuzluqlar varsa onun aradan qaldırılmasına nəzarət olunur, o sahədə müəyyən tədbirlərin həyata keçirilməsi sürətləndirilir. Hər Azərbaycan vətəndaşının da bu sahədə öz rolu olmalıdır. Bu gün regionlarda tikilən üç mindən artıq məktəbi, 600-dən çox xəstəxananı, 15 min km-dən artıq çəkilən yolu gizlətmək mümkün deyil. Eləcə də digər sosial obyektlər var ki, onları gizlətmək olmaz. Yaxud şəhid ailələrinə verilən mənzilləri, sosial müavinətlər, pensiyalar, digər güzəştləri gizlətmək mümkün deyil. Bunu Azərbaycana gələn xarici ekspertlər, qonaqlar da, turistlər də görür. Bu siyasət bu gün müvəffəqiyyətlə yerinə yetirilir və bundan sonra da iqtisadi nailiyyətlərimiz qat-qat yüksək olacaq”.

T.Rzayevin fikrincə, elə bir ölkə yoxdur ki, vətəndaşının ərzaq təhlükəsizliyini düşünməsin: “Hər bir təşkilat ölkənin ərzaq təhlükəsizliyini öz fəallığını ortaya qoymalıdır. Bizdə əvvəlki ilə nisbətən taxıl istehsalı qat-qat artıb. Çünki ərzaq təhlükəsizliyi üçün çox vacibdir. Digər kənd təsərrüfatı məhsulları var ki, o cümlədən heyvandarlıq məhsulları, ət, süd, yağ, yumurta onların da istehsalı artıb. Bizim ərzaq təhlükəsizliyimizin təmin edilməsi, birinci bizim insanların rahat yaşaması, sağlam böyüməsi üçün çox vacibdir. Ölkə başçısı da bütün yığıncaqlarda bunu qabardır, qarşıya qoyur ki, Azərbaycan öz daxili imkanları hesabına ərzaq təhlükəsizliyini təmin etməlidir. Yeri gəldikdə müəyyən məhsulları xaricə də ixrac etməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...