2010-cu ildə Azərbaycan Sahibkarlığa Kömək Fondu tərəfindən 115 milyon manat güzəştli kreditlər verilib

2010-cu ildə Azərbaycan Sahibkarlığa Kömək Fondu tərəfindən 115 milyon manat güzəştli kreditlər verilib

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) 2010-cu il fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfederasiyanın prezidenti Məmməd Musayev ötən ilin iqtisadi göstəriciləri haqqında məlumat verməklə yanaşı, həm də qarşıda duran vəzifələr haqqında məlumatlandırıb. 2010-cu ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini deyən M.Musayev bildirib ki, ötən il Ümumi Daxili Məhsulu 5,5, əhalinin pul gəlirləri 12,3 faiz artıb, inflyasiyanın həcmi isə 5,7 faiz olub. O, yoxsulluq səviyyəsinin ilk dəfə birrəqəmliyə düşərək 9,1 faiz təşkil etdiyini deyib.

2010-cu ildə 70 min iş yerinin açıldığını söyləyən ASK prezidenti bunun 53 minin daimi iş yerinin olduğunu qeyd edib. Ölkənin valyuta ehtiyatlarının 29,1 milyard dollar olduğunu ifadə edən M.Musayev bildirib ki, 2010-cu ildə Azərbaycan Sahibkarlığa Kömək Fondu tərəfindən 115 milyon manat güzəştli kreditlər verilib: "İl ərzində 12 min müştəriyə kredit vermişik. 2010-cu ildə Sahibkarlar Konfederasiyası biznes mühitinin yaxşılaşdırılması, sahibkarların inkişafı üçün mühüm işlər görüb. Azərbaycan Sahibkarlar Konfederasiyası müxtəlif nazirliklərlə il ərzində əməkdaşlıq edib. Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Qiymətli Kağızlar Komitəsi, Neft Fondu və digər qurumlarla əməkdaşlıq edirik. Məqsəd də Azərbaycan sahibkarlarına daha yaxşı biznes mühitinin yaradılması və ölkənin iqtisadi potensialının yüksəldilməsidir. 2010-cu ildə Beynəlxalq İşəgötürənlər Təşkilatında daimi üzvlüyə daxil olmuşuq".

M.Musayev il ərzində 20-dən çox ölkə ilə əməkdaşlıq sazişi imzalandığını qeyd edib. 2010-cu ildə bir çox beynəlxalq sərgilərdə iştirak etdiyini deyən ASK prezidenti qeyd edib ki, bu sərgilərin məqsədi azərbaycan sahibkarlarına istehsal etdikləri məhsulları dünya bazarına çıxarmaq üçün yardım etmək olub. Ölkə iqtisadiyyatının inkişafı üçün qarşıya yeni hədəflərin qoyulduğunu söyləyən M.Musayev bildirib ki, bunlar Azərbaycanın sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarların fəaliyyətinə əlavə müdaxilələrin aradan qaldırılması, kiçik və orta sahibkarlığın inkişafı və başqalarıdır: "Sahibkarlar Konfederasiyası bu məqsədlərə çatmaq üçün mütəmadi işlər görür. 2011-ci il "turizm ili" elan edilib. Bu yaxınlarda Konfederasiyanın nəzdində Turizm Komissiyasının iclasını keçirəcəyik. Təklifimiz var ki, turizm şirkətləri də bəzi vergilərdən azad olunsun. Çünki bu sahənin inkişafı üçün müasir avadanlıqlara ehtiyac var. Bu avadanlıqların bir çoxu da xaricdən gətirilir və bu məhsulların idxal vergisindən azad etməklə və ya azaltmaqla turizmin gəlirlərini artırmaq olar".

Sahibkarlığa Kömək Milli Fondu ilə də yaxından əməkdaşlıq etdiklərini deyən M.Musayev bu əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişaf strukturuna müvafiq olaraq kreditləşmənin strukturunda da dəyişiklik edilməlidir. ASK prezidenti bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını deyib: "Qaldıracağımız birinci məsələ kreditlərin müddəti barədədir. Azərbaycanda kiçik sahibkarlığa verilən 10-15 min manatlıq kreditlərin müddəti maksimum 2 ildir. Halbuki üzümçülük və çayçılıq sahələrindən gəlir götürmək üçün daha çox vaxt lazımdır. Müvafiq qurumlara müraciət edəcəyik ki, bu cür kreditlərin müddəti uzadılsın. Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin maksimum həddi 5 milyon manatdır. Bizim iştirak edəcəyimiz sərgilər, biznes forumları göstərir ki, sahibkarlarımız beynəlxalq bazarlarda rəqabət qabiliyyətli məhsullar istehsal edirlər. Maya dəyəri aşağı olan rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün yüksək texnologiyalardan istifadə etmək lazımdır. Ona görə də istəyirik ki, bu rəqəm ən azı 7-8 milyona qədər qaldırılsın".

M.Musayev diqqətə çatdırıb ki, Sahibkarlar Konfederasiyanın 2011-ci ildə bir başqa hədəfi vergi terminallarının yaradılması olacaq: "Vergi terminalları sahibkarlara şərait yaradacaq ki, vergi işçiləri ilə görüşmədən vergiləri ödəsinlər. Artıq 16 rayonda belə bir terminal fəaliyyət göstərir. Bu il ən azı 20 rayonda belə terminallar yaradılacaq".

M.Musayevin sözlərinə görə, Konfederasiyanın təkliflərindən biri də fiziki şəxslərin gəlir vergisinə aiddir: "İndi 2 min manatdan yuxarı əmək haqqından vergi 30%-lə tutulur. Biz bu rəqəmin 3 mindən yuxarı qaldırılmasını təklif edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə