Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın yekunu olaraq protokol imzalanıb

Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın yekunu olaraq protokol imzalanıb

Bu gün Bakıda iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın üçüncü iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən komissiyanın Azərbaycan tərəfdən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanla Yunanıstan arasında siyasi, diplomatik sahələrdə əməkdaşlıq, eləcə də parlamentlərarası münasibətlər yüksək səviyyədədir. Nazir iqtisadi sektorda münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib: "Azərbaycan bu tədbirə ciddi hazırlaşıb və müxtəlif nazirliklərdən təkliflər toplanaraq Yunanıstan tərəfinə göndərilib və müvafiq cavab alınıb". Nazirin sözlərinə görə, enerji sektorunda əməkdaşlıqla yanaşı, mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdəki qarşılıqlı əlaqələr də yüksək səviyyədədir.

 

Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kuvelis isə təmsil etdiyi dövlətin Azərbaycanın özünün iri qaz tədarükçülərindən birinə çevrilməsini gözlədiyini bildirib. Onun sözlərinə görə, Yunanıstan Türkiyə-Yunanıstan-İtaliya və Türkiyə-Yunanıstan-Bolqarıstan kimi boru kəməri layihələrinə böyük diqqət ayırır: "Azərbaycanın Yunanıstanın əsas qaz ixracatçısı olacağını gözləyirik. Eyni zamanda ümid edirik ki, Yunanıstan-İtaliya və Yunanıstan-Bolqarıstan kəmərlərinin tikintisinə imkan yaratmaq üçün ölkəniz, Türkiyə-Yunanıstan-İtaliya birləşdirici kəməri vasitəsilə İtaliyaya, eyni zamanda Yunanıstan-Bolqarıstan qaz kəməri vasitəsilə Bolqarıstana əhəmiyyətli həcmdə qədər qaz ixrac edəcək. Bu iki kəmərin tikintisi Türkiyənin coğrafi davamı olan Yunanıstana etibarlı dəhliz rolu oynayaraq imkan verəcək ki, ölkənizin qazı İtaliyadan savayı həmçinin digər ölkələrə xüsusilə də Cənub Şərqi Avropa ölkələrinə ixrac edilsin. Əlbəttə, məlumatınız var ki, Yunanıstan hökuməti Yunanıstan-Bolqarıstan-İtaliya kəmərinin həmçinin Türkiyə-Yunanıstan-İtaliya birləşdirici kəmərinin tikintisinə böyük əhəmiyyət verir və Türkiyə, İtaliya və Bolqarıstan hökumətləri ilə çox gözəl əməkdaşlıq münasibətləri qurub. Bu əməkdaşlıqda Azərbaycan çox mühüm rol oynayır və ölkənizin əhəmiyyəti bütün regionun inkişafı üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşdırılması fonunda Azərbaycanın rolu böyük önəm kəsb edir. Eləcə də ölkələr neft və qaz satışı sahələri ilə yanaşı, neft emalı kimi sahələrdə də əməkdaşlıq edə bilərlər. Həmçinin bizim tərəf alternativ enerji mənbələri, enerji obyektlərinin, avtomobil yollarının tikintisi, eləcə də turizm, səhiyyə, təhsil və digər sahələrdə də öz təcrübəsini bölüşə bilər. Mənim fikrimcə, mühüm olanı tərəflər arasında nəqliyyatın, eləcə də su və hava nəqliyyatının inkişafıdır".

 

Daha sonra qapalı keçirilən iclasın yekunu olaraq iki ölkə arasında təhsil, nəqliyyat, mədəniyyət və turizm, rabitə və informasiya, səhiyyə, gömrük və gəmiçilik sahələri üzrə protokol imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə