2011-ci ildə ARDNŞ sifarişi əsasında bir neçə orta ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri nəzərdə tutulub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən sosial qurumlar neftçilərə və onların ailə üzvlərinə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, dövlət əhəmiyyətli sosial layihələrin icrasında da yaxından iştirak edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Regionların sosial-iqtisadi inkişafı" proqramlarına əsasən, ölkənin 10-dan artıq bölgəsində ARDNŞ-nin maliyyə vəsaiti hesabına inşa edilib, beynəlxalq standartlara uyğun müasir tibb avadanlıqları ilə təchiz olunan Müalicə-Diaqnostika Mərkəzləri bunun parlaq nümunələridir.

Sosial İnkişaf İdarəsi ölkəmizdə təhsilin inkişafını da daim diqqət mərkəzində saxlayır. İdarə tərəfindən 2010-cu ildə təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri ilə bağlı bir sıra layihələr həyata keçirilib. Belə ki, Qusar şəhərində 340 yerlik və Astara rayonunun Kakalos kəndində 624 yerlik orta məktəb binaları inşa olunub, yüksək səviyyədə təchiz edilərək, qapılarını gənc nəslin üzünə açıb. Ötən il həmçinin Lerik şəhərində Milli Qəhrəman Valeh Müslümovun adını daşıyan 2 saylı orta məktəbdə və Xəzər rayonunun Şüvəlan qəsəbəsində Təhsil Nazirliyinin beyin iflici və poliomileit keçirən uşaqlar üçün 16 saylı xüsusi internat məktəbində əsaslı təmir işləri ARDNŞ-nin bu idarəsi tərəfindən həyata keçirilib. Azərbaycan Dövlət Neft Akademiyasının binasında dəhliz və auditoriyaların, akt zalının, Heydər Əliyev Muzeyinin əsaslı təmiri vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

2011-ci ildə də ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında bir neçə orta ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə