Dövlət sahibkarlıq fəaliyyətinin genişləndirilməsini daim diqqətdə saxlayır

Dövlət sahibkarlıq fəaliyyətinin genişləndirilməsini daim diqqətdə saxlayır

Azərbaycanda son 16 il ərzində sosial-iqtisadi inkişafa dair müvafiq dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi işə salınıb, minlərlə yeni iş yeri açılıb, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşdırılıb, qeyri-neft sektorunun inkişafının təmin edilməsi məqsədi ilə ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyi artırılıb. Bütün bunlar, habelə özəl sektora dövlət dəstəyinin gücləndirilməsi və yaradılan makroiqtisadi sabitlik respublikada güclü sənaye sektorunun formalaşdırılması, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalı üçün əlverişli şərait yaradıb.

Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq uğurla həyata keçirilən layihələr hesabına Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilib. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisini nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilib.

Bu cür sənaye komplekslərinin yaradılması respublikanın qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbi kimi vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır.

Son illər sahibkarların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də iş adamları tərəfindən hər zaman razılıqla qarşılanır.

Bütün bunları yeni texnologiyalar əsasında tikinti sektoru üçün müxtəlif metallurgiya sənayesi məhsulları, korroziyaya davamlı polad boru və müxtəlif ölçülü profillər istehsal edən “Bakı İnşaat Sənaye” ASC-nin timsalında daha aydın görə bilərik.

Ramiz Əhmədov, ASC idarə heyətinin sədri:

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinə uyğun olaraq, son illər sənayenin şaxələndirilməsi ilə bağlı ardıcıl və sistemli tədbirlər görülüb, qabaqcıl təcrübəyə əsaslanan yeni obyektlər istifadəyə verilib. Bu isə rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı, idxalın əvəzlənməsinə, ixracın artmasına və ölkəmizin özünü təminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.

Mövcud sahədə əldə olunan uğurlarda təsisçisi və qurucusu olan iş adamı Loğman Zülfüqarı “Bakı İnşaat Sənaye” ASC də öz layiqli yerini tutub. Bakının Keşlə qəsəbəsində yerləşən, 2002-ci ildən fəaliyyətə başlayan “Bakı İnşaat Sənaye” fəaliyyət göstərdiyi ötən dövr ərzində ölkə bazarında böyük tələbat olan metal məmulatların istehsalının artırılmasında, yeni iş yerlərinin açılmasında, yüksək ixtisaslı kadrların işlə təmin olunmasında önəmli rol oynayıb.

Müəssisədə istehsal prosesi keyfiyyətli xammaldan istifadə etməklə Amerika, Almaniya texnologiyası əsasında Avropa və Türkiyədə hazırlanan müasir avadanlıqlarla həyata keçirilir. Bu isə məhsulların uzunömürlülüyünə, kənar təsirlərə qarşı davamlı olmasına, ən əsası isə rəqabətdavamlılığına imkan verir.

Müəssisənin mövcud istehsal sahələrinin genişləndirilməsi ilə bağlı indiyədək xeyli iş görülüb, investisiya qoyuluşu diqqət mərkəzində saxlanılıb. Yeni metal-polad əritmə sahəsi yaradılıb, induksiya sobaları, fasiləsiz tökmə xətti qurulub, fasonlu tökmə, toztutma avadanlıqları, metallom doğramaq üçün nəzərdə tutulan pres qayçı və s. alınıb.

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”na əsasən, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Həmin sənədə əsasən, “Bakı İnşaat Sənaye” ASC tərəfindən müvafiq layihənin reallaşdırılması məqsədilə xaricdən gətirilən avadanlıqlar ƏDV və idxal rüsumundan azad olunub və yeni yaradılan istehsal sahəsindən nəzərdə tutulan 50 faizlik mənfəət vergisi də 7 il müddətinə azad edilib.

Xatırladım ki, bu, möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən sahibkarlara verilən ən böyük dəstəkdir.

Bir az əvvəl qeyd etdiyim kimi, müəssisədə keyfiyyət amilinə xüsusi əhəmiyyət verilir. Çünki bunsuz uğur əldə etmək, alıcı məmnunluğuna nail olmaq, bazarı genişləndirmək mümkün deyil. Bir sözlə, məhsul çeşidlərimiz yüksək kefiyyət və standartlara uyğundur. Elə buna görə “Bakı İnşaat Sənaye” Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS milli sertifikatlaşdırma sistemi ilə “Uyğunluq” və “Beynəlxalq SGS” sertifikatlarına layiq görülüb.

Adilxan Musayev, ASC-nin texniki direktoru:

- Respublikamızda əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlətimizin başçısı bununla əlaqədar nəzərdə tutulan tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, ölkənin strateji resurslarını özəl bölmənin inkişafının sürətləndirilməsi istiqamətində səfərbər edir.

Azərbaycanda özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın müxtəlif sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsini yüksəldib, habelə qeyri-neft sektorunun, sənayeləşmənin tərəqqisini şərtləndirib.

Cənab İlham Əliyevin ötən illər ərzində sahibkarlığın güclənməsi istiqamətində atdığı addımlar iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına, yeni müəssisələrin yaradılması ilə işsizliyin azaldılmasına, innovativ və yüksək texnologiyalar əsasında rəqabətədavamlı sənaye məhsulları istehsalının artırılmasına yönəlib. Eyni zamanda, möhtərəm Prezidentimizin sənayeləşmənin şaxələndirilməsi siyasəti ağır sənayenin bazasının möhkəmlənməsinə, güclü sənaye şəbəkəsinin formalaşmasına müsbət təsir göstərib.

Biz yüksək keyfiyyətə və istehsal qaydalarına zəmanət veririk və əminliklə deyə bilərəm ki, müəssisədə buraxılan bütün məhsullar texniki təhlükəsizlik, sağlamlıq və ətraf mühit üzrə keyfiyyət direktivlərinə tam

uyğundur. İstehsal prosesi ilə bağlı bir neçə məqamı xatırlatmaqla fikrimi təsdiq edə bilərəm. Zavodda diametrindən və qalınlığından asılı olaraq su və qaz xətlərində, sənayedə, yüksək təzyiqli hava xətlərində və s. işlədilən borular, elektrik qaynaq tikişi üsulu ilə istehsal olunur. Profillər isə polad vərəqlərdən dördkünc və düzbucaqlı şəkildə əyilərək, qaynaqlanmaqla istehsal prosesini keçir.

Qeyd edim ki, polad profillər əsas etibarı ilə tikinti konstruksiyalarında və dekorativ məqsdələr üçün işlədilir. Müştəri tələblərinə uyğun olaraq müxtəlif ölçüdə, qalınlıqda və çeşiddə hazırlanır.

Yeri gəlmişkən, atmosferin çirklənməsinin qarşısının alınması üçün ən müasir texnoloji proseslərdən istifadə olunub.

Dünya miqyasında texnologiyalar yenilənir, müasirləşir, daha mütərəqqi, modern istiqamətlər axtarılır. Azərbaycan da bu inkişafdan geri qalmır, yüksək texnologiyalara və innovativ mühəndisliyə xüsusi önəm verilir. Bax, bütün bunları nəzərə alan müəssisə rəhbərliyi Azərbaycanda ilk olan bir texnologiya-boru və profillərin avtomatik xətdə boyama texnolgiyasını qurmağı qarşısına məqsəd qoyub və buna nail olub.

Onu da deməyi vacib bilirəm ki, müəssisədə müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli tikinti məhsullarının təqdim edilməsi gerçəkləşib.

Zavodda bir qayda olaraq isti yayma yolu ilə adi karbonlu poladlardan prokat edilən dairəvi çubuqlar, dördbucaqlar, şveller və künclüklər Avropa standartlarına tam cabab verir. İxrac coğrafiyasını genişləndirmək əsas məqsədimizdir. Ona görə də bu məsələyə xüsusi diqqət yetiririk.Yaxın müddətdə müxtəlif ölçülü ikitavrların istehsalını həyata keçirəcəyik. Bu gün buraxılan məhsulların təqribən 70 faizi xarici bazar üçün nəzərdə tutulub. İlin sonunadək həmin göstəricini 80-90 faizə çatdırmağı düşünürük. Əsas alıcılarımız isə Gürcüstan Respublikası və Avropa ölkələridir.

İlkin xammal bölgələrimizdən əldə olunur. Metalın tərkibinə gedən komponentləri isə Türkiyə, Gürcüstan və Rusiyadan alırıq.

Sərdar Seyidxanoğlu, istehsalat müdiri:

- İstər daxili, istərsə də xarici bazarda alıcı sayının artması, müştəri məmnunluğu birbaşa keyfiyyət amili ilə sıx bağlıdır. Bunun üçün yüksək texnologiya əsasında hazırlanan avadanlıqların alınıb quraşdırılması, beynəlxalq standartlara uyğun laboratoriyanın fəaliyyəti zavodda keyfiyyətli, eyni zamanda, maya dəyəri aşağı olan məhsul istehsalını şərtləndirir.

Yeri gəlmişkən, müəssisəyə alınan spectral analiz avadanlığı İsveçrə istehsalı olub istənilən metalın kimyəvi tərkibini analiz edib, onun tərkibindəki kimyəvi maddələrin miqdarını göstərə bilir. Bu isə o deməkdir ki, buraxılan məhsulların kimyəvi tərkibinə ciddi nəzarət olunur və metalda müəyyən maddələr çatışmadığı halda, yenidən əlavələr edilərək lazım olan tərkib alınır. Yalnız bundan, əldə olunan keyfiyyətin səviyyəsi bizi qane edəndən sonra istehsal prosesi başlanır...

İndiki dövrdə tərkibi beynəlxalq standartlara uyğun gəlməyən keyfiyyətsiz məhsullar heç bir şirkət tərəfindən qəbul olunmur. Ona görə də bütün tərəfdaşlar tərəfindən məhsullarımız ciddi şəkildə yoxlanıldıqdan sonra müqavilə bağlanılır.

Deyə bilərəm ki, ASC-nin həm xarici tərəfdaşları, həm də yerli müəssisələr zavodumuzda istehsal olunan məmulatların yüksək keyfiyyətinə əmindirlər ki, bu da öz növbəsində mövcud olan işgüzar əlaqələrin daha da möhkəmlənməsini, onların coğrafiyasının genişləndirilməsini şərtləndirir.

Elxan Şahbazov, boru profil sahəsinin rəisi:

- Bazar iqtisadiyyatının diktə etdiyi keyfiyyətli məhsul istehsalı zavodun ənənəvi fəaliyyət devizidir. Buna görə də beynəlxalq standartlara cavab verən məhsul buraxılışını daim diqqət mərkəzində saxlayırıq. Xammalın kompleks şəkildə tədqiq olunmasına, eləcə də texnoloji prosesə, məhsulun keyfiyyətinə operativ nəzarətə önəm veririk.

Biz yaxşı bilirik ki, keyfiyyətli, rəqabətədavamlı məhsul istehsalı istehlakçılarla uzunmüddətli münasibətlərin rəhnidir. Şübhəsiz ki, burada yüksək ixtisaslı kadrlar və zavodunun ən müasir avadanlıq ilə təchiz olunması da əsas rol oynayır.

Rəhbərlik etdiyim sahənin işi ilə bağlı isə onu deyə bilərəm ki, zavodumuzda boru profil istehsalını genişləndirmək məqsədilə müəyyən uğurlu addımlar atılıb.İstehsal prosesi müasir texnologiya əsasında aparılır.Boru-profil xətlərindəki qaynaq sistemi İngiltərədən, induktivli soba isə ABŞ-dan alınıb. Boya xəttindəki avadanlıqların əsas tərkib hissəsi isə Almaniyadan gətirilib. Bütün bunlar isə təbii ki, keyfiyyətə, son nəticədə isə müştəri məmnunluğuna, satış coğrafiyasının genişlənməsinə müsbət təsir göstərir.

Vahid Rəsulov, ASC-nin hüquqşünası:

- Müəssisədə 500-ə yaxın işçi çalışır. Onların hər biri ilə əmək müqaviləsi bağlanılmaqla bərabər, icbari sığortaya da cəlb olunub. Texniki təhlükəsizlik, əməyin mühafizəsi qaydalarına xüsusi diqqət yetirilir. Əməkdaşlar həm işə qəbul ediləndə, həm də sonrakı dövrdə fəaliyyətlərində bu məsələyə böyük əhəmiyyət verirlər.

Beləliklə, göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı “Bakı İnşaat Sənaye”nin nümayəndələri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların xeyli liberallaşdırılması, respublikada bəzi məhsullara ixrac rüsumlarının ləğv edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması həmin diqqət və qayğının parlaq ifadəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə