Dekabr ayı ərzində təkrar mənzil bazarına 7000-ə yaxın mənzil çıxarılıb
2010-cu ilin dekabr ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə 0,8% azalma müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində yeni tikililərin payının artımı dekabr ayında daha kəskin xarakter alıb. Bazarın bu seqmenti üzrə təklifin nisbi artımı ilə yanaşı, mənzillərin qiymət dinamikasının azalması davam edib. Ümumi təklif portfelində təkrar bazara daxil olan yeni tikililərin payının (60,7%) artması davam edib. Bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi mənfi təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları xeyli məhdudlaşıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin azalmasına gətirib çıxarıb.
Dekabr ayında təkrar mənzil bazarında təklif həcmi noyabr ayı ilə müqayisədə 0,4% artmış, orta qiymət isə 1.5% azalıb. Mövsümə uyğun olmayan qiymət azalmasına əsas səbəb kimi ilin yekunu ilə bağlı banklara ayrılan ipoteka kredit limitinin başa çatmasını göstərmək olar.
Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq 1.5% azalıb. Təkrar bazarda dinamikaya təsir göstərən amillərin çox olmasına baxmayaraq əmlakın bu növü üzrə qiymət azalması ilkin bazardan daha dinamik müşahidə olunur. Ekspertlər bu amili ilkin bazarda qiymətlərin sahibkarların nəzarətində olması, eyni zamanda təkrar bazar üzrə qiymətlərin əmlakın real dəyərindən hələ də baha olması ilə əlaqələndirirlər. Eyni zamanda araşdırmalar göstərir ki, təkrar bazar üzrə mənzillərin əksəriyyəti mənzil mülkiyyətçilərinin müəyyən ehtiyaclarını qarşılamaq məqsədilə bazara çıxarılır ki, burada ekspozisiya müddətinin artımı mənzilin qiymətinə mənfi mənada kəskin təsir göstərir. Təkrar bazarda dinamikanın məhz ipoteka kreditləşməsi hesabına formalaşdığını nəzərə alsaq, prosesdə yaranan azacıq fasilənin bazara təsiri normaldır.
Dekabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin münasibliyidir. Araşdırmalar göstərir ki, bazarda qiymətlər azaldıqca bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 2 rayonun üzərinə düşür. Bu, həmin rayonlarda əmlak qiymətlərinin eyni zamanda ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.
Dekabr ayında təkrar mənzil bazarında qiymət indeksi oktyabr ilə müqayisədə 3.0 bənd azalaraq 191,7 bənd səviyəsində qərarlaşıb. Dekabr ayında aparılan araşdırmalara əsasən təklif 0,4% artmış və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7000-ə yaxınlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB