"Yeni qanun layihəsi fermerlərə diqqətin bariz nümunəsidir"

“Heç kim kənd təsərrüfatı məhsullarının sığortası ilə məşğul olmaq istəmir. Çünki, sığorta təşkilatları bilir ki, buradan ziyana düşə bilər. Bu baxımdan “Aqrar sığorta haqqında” qanunun ən böyük üstünlüyü odur ki, burada dövlət aqrar sığorta ilə bağlı olan riskləri öz üzərinə götürür”, SİA-nın xəbərinə görə, bunu ekspert Zahid Abbasov Milli Məclisin aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanunvericilikdə qeyri-kommersiya təşkilatlarının da sahibklarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı olduğunu deyən ekspert söyləyib ki, amma qeyri-kommersiya təşkilatlarının mənfəəti üzvlər arasında bölünərək fəaliyyətin genişləndirilməsinə yönəldilir: “Bu təşkilatların mənfəəti aqrar sığorta tərəfindən ayrılan sığorta və dövlət tərəfindən ayrılan maliyyədir”.

Ekspertin sözlərinə görə, yeni hazırlanan qanun layihəsinin ən böyük üstünlüyü aqrar sahədə olan riskləri aradan qaldıracaq: “Bu da prezident İlham Əliyevin fermerlərə diqqət və qayğısının bariz nümunəsidir. Qanun layihəsində öz əksini tapan müddəalardan biri odur ki, əgər fermer bu gün müqavilə bağlayırsa, haqqı ödəmək üçün vəsaiti yoxdursa, o zaman aqrar sığorta orqanı müəyyən dövr üçün fermerin yerinə ödəyir və daha sonra həmin vəsaiti fermerdən alır”.

Z. Abbasov qeyd edib ki, qanun layihəsinin digər üstünlüklərindən biri burada idarəetmə sistemində məqsədə uyğun fəaliyyətin nəzərdə tutulmasıdır: “Aqrar sığorta orqanı heç kimlə müqavilə bağlamır. Bu məqsəd üçün idarəetmə qurumu yaradılır. Bu qurum səhmdarları sığorta təşkilatlarını cəlb etməklə vasitəçilik funksiyasını daşıyır”.

Ekspert qanun layihəsində uyğunsuzluqlarla bağlı fikirlərini bildirərək, layihənin dilinin ağır və anlaşılmaz olduğunu dilə gətirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə