Xınalığa çəkilən alternativ yolun tikintisi nə vaxt yekunlaşacaq?

Xınalığa çəkilən alternativ yolun tikintisi nə vaxt yekunlaşacaq?

Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Quba rayonunun Susay–Xınalıq avtomobil yolunda tikinti işləri bu ilin noyabr ayında yekunlaşacaq. SİA-nın Şimal bürosu xəbər verir ki, hazırda tikinti işləri rayonun Alpan kəndi ərazisində, Quruçay üzərində yeni körpülərin inşası ilə davam etdirilir.

Quba-Susay-Xınalıq avtomobil yolunun Quruçay çayı üzərindən keçən hissəsində hər birinin uzunluğu 60 metr olan iki körpü tikiləcək. Artıq birinci körpünün özülünün və sütunlarının tikintisinə başlanılıb. Körpülərin inşası 3 aya yekunlaşacaq.

Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi yerli əhalinin və turistlərin Xınalıq kəndinə alternativ yolla rahat gediş-gəlişinin təmin edəcək.

Təbii amillərin təsiri, qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez bağlanmasına səbəb olur.

Layihəyə uyğun olaraq 53 kilometr uzunluğundakı Quba-Susay-Xınalıq avtomobil yoluna asfalt döşənəcək. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 11 metr təşkil edəcək.

Yolun 5 kilometrində asfaltlama işləri başa çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə