Nazir: “2011-ci il enerji sektorundakı layihələr üçün çox həlledici bir ildir”-Açıqlama

Nazir: “2011-ci il enerji sektorundakı layihələr üçün çox həlledici bir ildir”-Açıqlama
2011-ci il enerji sektorundakı layihələr üçün çox həlledici bir ildir. Bu barədə SİA-ya açıqlamasında sənaye və energetika naziri Natiq Əliyev deyib. Onun sözlərinə görə, hamı bilir ki, "Şahdəniz" layihəsi tezliklə həll olunsa, bu ən azı 16 milyard kub metr qaz verəcək. Onun fikrincə, bunu ildə 16 milyard yox, ondan artıq, təxminən 25 milyarda kimi artırmaq olar.

N.Əliyev vurğulayıb ki, "Azəri-Çıraq Günəşli"də dərinlikdə yerləşən qaz yataqlarının aşkarlanması istiqamətində danışıqlar gedir: "Hələ 1994-cu ildə bilirdik ki, orada dərin qatlarda sərbəst təbii qaz yataqları var. O vaxtı yalnız neft kontraktı idi, həm də qaza o dərəcədə də maraq, ehtiyac yox idi. Ancaq indi bu istiqamətdə geniş işlər görüləndən, infrastruktur yaradılandan sonra indi ehtiyac qat-qat artıb. Ona görə də BP şirkəti danışıqlar aparır ki, dərin qatlardakı qaz yataqlarının işlənməsinə hazırıq. Bu barədə danışıqlar gedir. Mən hesab edirəm ki, bu da uğurla həyata keçiriləcək. Vaxt gələcək ki, bu qaz yataqları da istismar olunacaq. Orada 500 milyard kub metrə kimi ehtiyatlar ola bilər".

Sənaye və energetika naziri əlavə edib ki, digər tərəfdən bu yaxınlarda "Ümid" yatağından 300 milyard kub metr qaz gözləyə bilərik. Nazirin fikrincə, bu işlər çox sürətlə aparılsa, 5-6 ilə birinci qazı "Ümid"dən almaq mümkün olar: "Bunların hamısı izlənilir, bilinir ki, biz hansı istiqamətlərdə işləyirik və hansı həcmlərə çata bilərik. Azərbaycanın "Şahdəniz" yatağından əlavə, digər perspektiv strukturları, yataqları var. Onların çox böyük gələcəyi var və biz istərdik ki, bu ehtiyatlar da "Cənub dəhlizi"nə xidmət etsinlər".
Nazir qeyd edib ki, artıq hamı 2011-ci ilin "Cənub dəhlizi" və ya "Nabucco" üçün çox həlledici bir il olacağını hiss edir. Onun sözlərinə görə, "Cənub dəhlizi" üçün ən böyük problem ehtiyatların, mövcud həcmlərin və gələcəkdə təbii qaz hansı həcmdə bu dəhliz üçün yararlı olacağının öyrənilməsi. N.Əliyev vurğulayıb ki, bu iki ölkədir və ən realı Azərbaycandır.

Bütün xəbərlər Facebook səhifəmizdə