Şura sədri: “2012-ci ildən ölkə ərazisində rəqəmsal yayıma keçid başlayacaq” - ÖZƏL

Şura sədri: “2012-ci ildən ölkə ərazisində rəqəmsal yayıma keçid başlayacaq” - ÖZƏL
Rəqəmsal yayımın tətbiqi nəticəsində Azərbaycan teleradio məkanında köklü dəyişikliklər olacaq. Bu barədə SİA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərəmli məlumat verib. O bildirib ki, rəqəmsal yayımın tətbiqi texniki və keyfiyyətli xidmət sahəsində öz müsbət təsirlərini göstərəcək. Texniki məsələlərə gəlincə, tezliklərin sayının artacağını deyən şura sədri bildirib ki, əgər bir tezlikdə yalnız bir televiziya kanalı fəaliyyət göstərirdisə, indi bir tezlikdə 12-yə qədər televiziya kanalı fəaliyyət göstərə biləcək.

"İkincisi onların yayım imkanları genişləcək. Xarici ölkə kanallarının ölkə daxilinə yayımı müdaxiləsi də aradan qalxacaq. İnsanların tələb etdiyi verilişlərə baxma imkanları artacaq. İnsanlar əvvəl müəyyən səbəblər üzündən baxa bilmədiyi verilişləri izləmək imkanı olacaq. Belə ki, onlar əvvəlcədən sistemi planlaşdıraraq həmin verilişləri kompüterin yaddaşına yazacaq və evə gələndən sonra verilişlərə baxa biləcəklər", - deyə o əlavə edib.

Keyfiyyət və görüntü baxımından çox böyük dəyişikliklərin olacağını deyən N.Məhərrəmli qeyd edib ki, indi kabel şəbəkəsində baxdıqda xarici kanallarla yerli kanallar arasında çox böyük fərq olduğunu hiss edirik: "Çünki orada işarələrin həcmi ilə bağlı çox böyük fərq var. Rəqəmsal yayımda bu işarələr dəfələrlə artır və yayım görüntüsü daha keyfiyyətli olur".

MTRŞ sədri bildirib ki, artıq bir çox ölkələrdə rəqəmsal yayıma keçilib. Onun sözlərinə görə, Azərbaycanda üzrə 2012-ci ildə Bakı və Abşeron yarmadasında rəqəmsal yayıma keçiləcək. 2015-ci ilə qədər isə bütün ölkə üzrə rəqəmsal yayımın tətbiq olunması nəzərdə tutulur.

"Amma biz istəyirik ki, bu sistemə daha tez keçək və Azərbaycanın inkişafı da buna imkan verir. Ancaq bu dövlətdən çox insanlardan asılıdır. Çünki rəqəmsal yayıma baxmaq üçün xüsusi televizorlar almaq lazımdır. Ancaq adi televizorlarda da rəqəmsal yayıma baxmaq üçün decoderlər quraşdırmaq lazımdır. Bunların isə qiyməti 30-50 manat dəyərindədir. İndi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı xüsusi işlər görür. Mingəçevirdə fəaliyyət göstərən zavodda daha ucuz qiymətə decoder hazırlanır. Rəqəmsal yayımla analoq yayım paralel şəkildə 2-3 il davam edəcək, sonra isə tamamilə aradan götürüləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə