Sosialyönümlü layihələr uğurla icra olunur ŞƏRH

Sosialyönümlü layihələr uğurla icra olunur ŞƏRH

Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Azərbaycanda dövlət başçısının düşünülmüş siyasəti nəticəsində, ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu artır. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dünya miqyasında müasir inkişaf modeli ilə seçilən Azərbaycan, son illərdə, ölkənin bütün sferaları üzrə böyük uğurlara imza atıb.

Sürətli sosial-iqtisadi inkişafını yaşayan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında hiss olunur və insanların rifah halı günü-gündən yaxşılaşır. Eləcə də, əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin dövlət başçısının məlum sərəncamlarına əsasən, vaxtaşırı artırılması və s. Azərbaycanda sosial sahəyə ayrılan diqqət və qayğının nəticəsidir. Görülən işlər, deməyə əsas verir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır. 2004-cü ildən Azərbaycan Prezident İlham Əliyev cərəncamları ilə reallaşan regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində də mühüm rol oynamaqdadır.

Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində, bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmışdır ki, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Bu gün sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhələ oldu və sahibkarlığın inkişafı üçün geniş imkanlar açdı.

ÖLKƏNİ ƏHATƏ EDƏ BİLƏCƏK ŞƏKİLDƏ, GENİŞ FORMADA ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI İCRA OLUNUR

Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının, davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrıldı və ilk dəfə olaraq, Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanıldı. Sərəncamda ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəstəklənməsi, ailə biznesinin inkişafına şəraitin yaradılması da yer almışdı. Təbii ki, ailə biznesinə dəstək və onun bazarın sisteminin tələbləri əsasında idarəçiliyi kənd təsərrüfatı, ticarət, sənətkarlıq kimi sahələrinin və mikromaliyyələşdirmə yolu ilə inkişafı üçün təkan yaradıb. Bu, bütövlükdə, ölkədə davamlı makroiqtisadi sabitlik kimi dəyərləndirilir.

Təbii ki, özünüməşğulluq proqramının praktik icrası nəticəsində, artıq kifayət qədər göstəricilər var. Belə ki, özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları keçirilib, uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatları yardılıb.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasında əhəmiyyətli rol oynayır.

Sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. Layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar. Məlumdur ki, artıq "ABAD"-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirmək üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "ABAD" Sənətkarlıq Mərkəzi də fəaliyyət göstərir. Mərkəz dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərmək missiyasını həyata keçirir. "ABAD"-ın, qısa bir zamanda, yaradılmasına baxmayaraq, bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də, BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində, ailələrin biznesə cəlb edilməsini təşviq etmək üçün bir ailənin istehsal avadanlıqları ilə təchiz olunmuş ət məhsulları istehsalı konteyneri ilə təmin olunmasında UNDP maliyyə dəstəyi göstərmişdir.

ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ DÖVLƏT SİYASƏTİNİN PRİORİTETİNƏ ÇEVRİLİB

Vətəndaşlar əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlər insanlarda məmnunluq yaradır. Ailə biznesini qurulması və inkişafı da sosialyönümlü layihələr sırasında uğurlu hesab olunur. Təbii ki, bunun böyük nəticələri var. Ekpertlərin qənaətinə görə, iqtisadi böhran şəraitində ailə biznesi modeli ilə işləyən strukturlar daha etibarlı və dayanıqlı olur.

Dövlət başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Hər bir bölgə üzrə özünməşğulluq fəaliyyəti çərçivəsində dayanıqlı və gəlir gətirə bilən biznes sahələrinin müəyyən olunması istiqamətində nəticələr əldə olunub və bu davam etməkdədir.

Bu gün ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi sağlam biznes mühitini yaradıb. Təbii ki, bu da fərdi təsərrüfata sahib olan iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şərait onlarda məmnunluq hissini yaradır.

Göründüyü kimi, həyata keçirilən tədbirlər vətəndaşların özünüməşğulluğuna şərait yaradıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qətiyyətlə vurğulamaq olar ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetinə çevrilib. Sosialyönümlü layihələrin icrası da, məhz bu məqsəddən qaynaqlanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə